Ailəli və uşaqlı qadınlara işdə GÜZƏŞTLƏR - ARAŞDIRMA

Ailəli və uşaqlı qadınlara işdə GÜZƏŞTLƏR - ARAŞDIRMA

Uşaq sahibi olan işləyən analar bir müddət sonra iş, karyera və körpələri arasında seçim etmək problemi ilə qarşılaşırlar. Bəs, karyera-uşaq, iş həyatı və analıq arasında sağlam tarazlığı necə qurmaq olar?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Yetkin bir insan olaraq şəxsiyyətimizin inkişafında və xarakterimizin formalaşmasında iki mühüm əsas amil təsirli olur: genetik və ətraf mühit faktorları.

Ətraf mühit faktorları arasında ən çox formalaşan və önəmlisi ana-uşaq münasibətləridir. Bu səbəbdən ananın uşağa yanaşma tərzi, onunla keçirəcəyi keyfiyyətli zaman övladının gələcəyinə və şəxsiyyətinə birbaşa təsir edəcək.

Əgər ana övladı üçün öz həyatını tamamilə laqeyd qoysa və həyatını övladına həsr etsə, bu, sağlam seçim olmaz. Belə analar çox vaxt övladlarından böyük ümidlər bəsləyirlər və bu gözləntilər sonrakı dönəmlərdə yerinə yetirilmədikdə böyük məyusluq və peşmanlıqlar yaşaya bilərlər.


Evdən işləmək

Evdən işləmək sadəcə fərqli iş tərzi deyil, həm də fərqli yaşayış tərzidir. Bu zaman şəxsi həyat və iş arasındakı fərq fiziki olaraq yox olur.

“Uzaqdan iş” xüsusilə pandemiya dövründən sonra qadınlar tərəfindən təbliğ edilən iş üslublarından biridir. Deyə bilərik ki, “uzaqdan işçi” axtaran şirkətlərin elanlarına ən çox baxan da qadınlardır.

Həyat yoldaşlarının yükü bölüşməsi vacibdir

Evli qadınların həyat yoldaşlarının bu mövzuda payları da çox önəmlidir. Xüsusilə evdən işlədiyiniz zaman partnyorunuz sizi “tətildə” hesab edirsə, bu, olduqca ciddi problemə çevrilə bilər. Qadınlar və kişilər evdə yükü bərabər bölüşə bilsələr, qadınlar daha rahat işləyə bilərlər.

Hansı qadınlar bu növ işi daha cəlbedici hesab edir?

Əslində, qadınları bu baxımdan qruplaşdırmaq düzgün olmasa da, aparılan araşdırmaların nəticələrinə görə, 7 yaşına qədər uşağı olanlar daha çox ofisdən işləmək istəyirlər. Buna səbəb pandemiya zamanı qayğıya ehtiyacı olan uşaqların uşaq bağçaya və ya məktəbə gedə bilməməsi olub. Belə bir vəziyyətdə anaların yükü ikiqatdır. Təsəvvür edin, bir tərəfdən onlayn görüşdə xaricdəki həmkarlarınız, digər tərəfdən uşağınızın darıxdığı üçün bitib-tükənməyən istəkləri və diqqətinizi cəmləyib yazmağa çalışdığınız hesabatlar...

Dünya evdən işləməyə necə baxır?

Əslində, onlayn işləmə üsulu pandemiyadan əvvəl də dünyada tətbiq olunurdu. Ölkəmizdə bu sistem pandemiyadan əvvəl korporativ şirkətlərin müəyyən şöbələrində (satış, marketinq və s.) qəbul edilib.

Uzaqdan işləməyin zərərləri nələrdir?

Təəssüf ki, bu hissə böyük problemdir, insanın təcrid olunması, təşkilata aidiyyətinin azalması və komandanın bir parçası olmaqdan uzaqlaşma vəziyyəti ola bilər.

İş və ailə həyatının uyğunlaşdırılması

Yaxşı planlaşdırılıbsa, işəgötürən və ev rollarını bölüşmək üçün kifayət qədər resurslar təmin edilərsə, fərdi olaraq daha rahat işləyə bilərsiniz. Təsəvvür edin, bir saniyə ərzində işdən sosial həyatınıza keçə və ya nahar fasiləsində sevimli musiqinizi açıb dincələ bilərsiniz. İstidə-soyuqda gəzmədən...

Bu arada bəzi qadınlar “ofisdə işləməyə” daha müsbət baxırlar. Sosial mühitə üstünlük verdikləri, daha yaxşı ofis iş imkanlarına sahib olduqları və təşkilatla bağlı hiss etdikləri üçün köhnə nizamlarının daha yaxşı olduğunu iddia edənlər də var.

Bu iş üsulu hansı sektorlarda geniş yayılmışdır?

Bu gün internet istifadəsinin artması ilə inkişaf edən e-ticarət və bu vasitələrin istifadəsi nəticəsində yaranan rəqəmsallaşma prosesi yeni iş modellərinin və rollarının inkişafına səbəb olmuşdur. Sürətlə inkişaf edən texnologiya, yeni iş tənzimləmələri, müştərilərə təklif olunan rəqəmsal həllər... Bunlarla yanaşı işçilərin gözləntiləri və tələbləri də var.

Həm uşaq sahibi olmaq, həm də karyera qurmaq mümkündürmü?

Müəyyən saatlarda evdə olmamağınız körpənizə laqeyd yanaşdığınız anlamına gəlmir. Həmçinin, həm evdə, həm də işdə ən yaxşı olmaq məsuliyyəti sizi plansızlığa və həddindən artıq stressə gətirib çıxara bilər. Mükəmməlliyin dalınca getməyin, sadəcə olaraq ev və iş həyatında düzgün addımlar atmağa çalışın. İş qrafikinizi planlaşdırın, körpəniz və ya uşağınızla vaxt keçirməyin yollarını axtarın.

Evdə rejim yaradın

Evdə müəyyən iş rejiminə sahib olmaq ailənizlə daha çox vaxt keçirməyə və işə praktiki şəkildə hazırlaşmağa kömək edə bilər. Mümkün qədər ailənizlə səhər və axşam yeməyinizi edin. Beləliklə, yemək kimi onsuz da ehtiyac duyduğunuz şeyləri ailənizlə paylaşdığınız zamana çevirə bilərsiniz. Bundan əlavə, sizinlə tez oyanan körpəniz axşam daha tez yatacaq. Bu, ertəsi gün iş üçün etməli olduğunuz hazırlıqları daha asan yerinə yetirməyə də kömək edə bilər.

Həftə sonu yeməklərinizi planlaşdırın

Həftəlik yemək siyahısı yaradın. Həftə sonu partnyorunuzla birlikdə dondurulan qidaları bişirin. Həftə ərzində seçdiyiniz yeməklərin asan hazırlandığından əmin olun. Yemək bişirmək üçün daha az vaxt körpənizlə daha çox vaxt keçirməyə kömək edə bilər.

Ev işləri gözləyə bilər

İşdən qayıtdıqdan sonra övladınıza qulluq etməli və ütüləmə, yemək bişirmə və ya təmizlik işləri görməli ola bilərsiniz. Həyatda etməli olduğunuz işləri əhəmiyyətinə görə sıralayın və sizin üçün vacib olana daha çox vaxt ayırın. Unutmayın ki, ailənizə ayıracağınız zaman ev işlərindən daha dəyərlidir.

Yuxu tərzinizə diqqət yetirin

Sağlam yuxuya sahib olmaqla, işinizdə daha aktiv rol oynaya və axşamlar körpənizlə vaxt keçirəcək enerjiyə sahib ola bilərsiniz. Yaxşı yuxuya sahib olmaq üçün ilk növbədə körpəniz üçün yuxu rejimi yaratmaq faydalıdır. Körpənizin müəyyən vaxtda yuxuya getməsi və oyanması sizin də nizamlı yatmağınıza kömək edə bilər.

Həyat yoldaşınızla birgə məsuliyyətləriniz var

Valideynlər evdə ümumi vəzifələr daşıyırlar. İşə qayıtmazdan əvvəl iş saatlarınıza uyğun olaraq həyat yoldaşınızla olan vəzifələrinizi müəyyənləşdirin. Körpənizin bir şeyə ehtiyacı olduqda ilk kimin gedə biləcəyinə qərar verin. Axşam və gecə körpəyə qulluq üçün bərabər məsuliyyət götürməyi seçin.

Sosial dairənizdən uzaq durmayın

Həyat yoldaşınızın köməyi ilə bir-biriniz üçün işlər görə, dostlarınızla görüşə bilərsiniz. Bu fəaliyyətləri tez-tez edə bilməsəniz belə, kino bileti almaq, qısa bir tətil etmək, işdən sonra həyat yoldaşınızla axşam yeməyi yemək kimi özünüzə ayırdığınız vaxt yenilənmə hissi gətirir.

Ailəli və uşaqlı qadınlara işdə güzəştlər olmalıdırmı?

Deputat Tahir Rzayev: “Azərbaycanda qadınlara qayğı, diqqət, etimad və qayğı sonsuzdur. Bu qayğı ildən-ilə yüksəlir.

Bu gün Azərbaycan qadını ölkənin ictimai siyasi həyatında fəal iştirak edir. O həm də anadır. Buna görə də Əmək Məcəlləsində qadınlara, xüsusilə uşaqlı ailəli olanlara müəyyən imtiyazlar nəzərdə tutulub.

Ötən gün mən Milli Məclisdə çıxış edərkən, belə bir təkliflə çıxış etdim ki, ailəli və uşaqlı qadınlar işə bir saat gec gəlib, bir saat gec getməsi onların qayğılarının müəyyən qədər yüngülləşməsinə səbəb ola bilər. Çünki qadınlar səhər süfrə hazırlayıb övladlarını məktəbə və həyat yoldaşını işə yola salır. Üstəlik bundan sonra da o özü işə getməlidir. Qadının bu zaman əli ayağına dolaşır. Eləcə də axşam işdən çıxdıqda övladının qayğıları ilə məşul olmalı, övladına və həyat yoldaşına süfrə hazırlamalıdır. Ama o işdən çıxır, saatlarla tıxaca düşür, əziyyət çəkir. Ona görə ailədə müəyyən münasibətlər korlanır.

Əmək qanunvericiliyinin 91-ci maddəsində qadınlar üçün müəyyən imtiyazlar var. Bunlardan biri də qısaldılmış iş saatları ilə əlaqədardır. Belə ki, hamilə və yaş yarımadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün iş vaxtı 36 saatdan artıq olmamalıdır. Hər gün bir saat bu kateqoriyadan olan qadınların iş vaxtı azaldılır. Bu yaxşı bir haldır.

Əlbəttə, 243-cü maddədə də müəyyən tələblər var ki, yetkinlik yaşına və yaş yarıma çatmamış uşağı olan qadınlar müəyyən çətinlik çəkirlərsə, onların işləri yüngülləşdirilməlidir. Yaxud, onlara müəyyən vaxtda uşaqlarını yedizdirmək və onlara qulluq etmək üçün şərait yaradılmalıdır. Bunlar çox vacibdir.

Qadınlarımızın qayğıları çox böyükdür. Əlbəttə, bu qayğıların yüngülləşdirilməsi həm ailənin təməlinin möhkəmləndirilməsi, həm də qadınların rahatlığının təmin olunması üçün vacibdir”.

Bir sözlə:

-Ana övladı üçün öz həyatını və ya övladının həyatını öz həyatı üçün laqeyd qoymamalı, hər ikisini bir arada daşımalı, özünə, övladına, hətta həyat yoldaşına qarşı məsuliyyətlərini tarazlaşdırmalıdır;

-İşləməyə davam edib-etməmək hər insan və ailə üçün fərqli şeylər deməkdir. Ailənin iqtisadi vəziyyəti, görülən işin xarakteri, insanın işə motivasiyası, iş zamanı körpənin qayğı və məsuliyyətini paylaşacaq sosial dəstəyin varlığı və keyfiyyəti kimi bir çox faktordan asılı olaraq dəyişir. Buna görə də, bəzi şərtlərdə ananın işləməsi daha məqsədəuyğun olsa da, digər şərtlərdə ananın işini tərk etməsi uyğun ola bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə