"Bu dəqiqə bütün əhali üçün, xüsusilə gənclik üçün "Zamanın qədrini necə bilək?" sualından aktual sual yoxdur". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, 30 il bundan əvvəl yazdığım şeirin adı belə idi: "Vaxtım yox, vaxt itirməyə": "İnsan nə vaxt ki, hiss edir, vaxt itirməyə vaxt ayırır, bu, xoşagəlməz haldır. İnsan gərək ömrünü elə sürsün ki, o, zamanın hər bir saatından, dəqiqəsindən düzgün istifadə edə bilsin.
Gəncliyimdə avtobus, metroda gözləyəndə çalışırdım ki, bu vaxtdan da istifadə edim. Evdə kağıza sözləri yazırdım, yol gedərkən dil öyrənirdim. 40 dəqiqə, 1 saat vaxt itirəcəksənsə, bu vaxtdan məhsuldar istifadə etmək olar. 40 dəqiqənin sonunda əgər yaddaşında 15-20 söz qalırdısa, bu artıq böyük iş idi. Evdə rahat vaxtda daha əhatəli işlərlə məşğul olmaq olar. Hansı ki, ev şəraiti tələb olunur. Yaxud da şeir öyrənmək olar, başqa nəsihətli bir şey oxumaq olar. 10 ilə yaxın Moskvada yaşamışam. Moskvada metroya minəndə görürdüm ki, əhalinin əksəriyyəti bədii ədəbiyyat oxuyur. Avtobusda məsləhət görmürəm, çünki hərəkəti gözə zərərdir. Amma indi Bakıda bizim metroya baxıram. Camaat ən yaxşı halda telefondan mənasız bir oyun oynayır. Bu oyunlar insana nəsə vermir".
Onun sözlərinə görə, insan üçün ən mühüm meyar təqdim etdiyim "Ahəngyol" elmində əsaslandırılıb: "Hər bir insan çalışmalıdır həm özünün, həm də başqasının fiziki sağlamlığı yaxşılaşsın, mənəvi zənginliyi artsın və əməyə yaradıcı münasibət tələbatı daha da formalaşsın. Yəni bu gün bir iş görürsənsə, sabah o işi bu günkündən daha yaxşı görməyə çalış. Yemək bişirmək olsun, bənnalıq olsun, istəyir elmi məqalə olsun, çalışmaq lazımdır ki, daha yaradıcı yanaşasan. Ona görə də biz vaxtdan düzgün istifadə edəndə həmişə düşünməliyik ki, gördüyümüz işin üç amildən hansı birinə faydası var.
Mən boşuna bulvarda vaxt itirməyi başa düşmürəm. Bulvarda gəzmək səhhət üçün həkim məsləhətidirsə, təbii ki, yaxşı haldır. Bu dediyim daha çox gənclər üçün aktualdır. Amma 70-80 yaşındakı biri üçün də keçərlidir. Yaşlı insanın da faydası deyə bilər. Nəyisə qaydaya sala bilər, uşağa, gəncə nəsə öyrədə bilər, xatirələrini yaza bilər. Bunlar yoxdursa, istənilən vaxtı sən boş keçirirsən. Bəzən də ziyanlı keçirirsən. Bu üç amildən birinə zərbə vurursan. Əgər oturub boşuna kompüterin qarşısında saatlarla sosial şəbəkələrdə vaxt keçirirsənsə, bunlar hamısı vaxt itirməkdir. Bu gün Azərbaycanda ən mühüm problemlərdən biri də vaxt itkisidir. Bu istiqamətdə də ciddi sosial işlərin aparılmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB