Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29), “Yaşıl dünya naminə həmrəylik ili”, “Yaşıl UNEC” ili və “Beynəlxalq Biomüxtəliflik günü” ilə əlaqədar 22 may 2024-cü il tarixdə “İctimai idarəetmə və sosial innovasiyalar kafedrası”nın və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin birgə təşkilatçılığı, professor-müəllim heyətinin iştirakı ilə «Balıq körpələrinin su hövzələrinə buraxılması» aksiyası həyata keçirilib.
UNEC-in Ekologiya mühəndisliyi ixtisasının rəhbəri, dosent Mövlud Hüseynov və dosent Ramil Sadıqovun iştirak etdiyi tədbirdə balıq populyasiyalarının təbii artımına və bərpasına dəstək göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin nəzdində fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 2.465.000 ədəd kütüm cinsli balıq körpəsi Qızılağac Milli Parkı ərazisindən Xəzər dənizi ilə əlaqəli Sınıqkörpü kanalına buraxılmışdır.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi, 1 saylı Regional Ekologiya İdarəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Lənkəran Tibb Kollecinin müəllim və tələbə heyəti həmçinin məktəblilərin iştirakı ilə keçirilmişdir.
Tədbirdə həmçinin qeyd olunmuşdur ki, Lənkəran Xətt Polis Şöbəsinin Qızılağac Milli Parkının kollektivi ilə birgə reydləri biomüxtəlifliyin mühafizəsində daha çox səmərə verir. Lənkəran Xətt Polis Şöbəsinin bu sahədə həyata keçirdiyi tədbirlər xüsusilə iştirakçıların diqqətinə çatdırıldı. Lənkəran Su Xətt Polis Şöbəsinin rəisi, polis – polkovnik – leytenantı Ramin Hüseynovun çıxışı kollektivin ünvanına deyilən xoş sözlərin təsdiqi kimi səsləndi.
–Biz Qızılağac Milli Parkının ərazisində biomüxtəlifliyin mühafizəsində parkın kollektivi ilə birgə fəaliyyət göstəririk. Bu, artıq ənənə halını alıb. Keçirdiyimiz birgə tədbirlər nəticəsində bir qayda olaraq qanunsuz ovla məşğul olanlar saxlanılaraq onlar haqqında qanunamüvafiq qaydada tədbirlər görülür. Axı, təbiəti qorumaq təkcə ekoloqların deyil, işindən, peşəsindən asılı olmayaraq hamının müqəddəs borcu və doğma işidir. Elə buna görə də talançılığa və brokonerlərə qarşı ən sərt şəkildə mübarizə aparırıq.
Biz həmçinin öz işimizdə Azərbaycan Respublikası DİN-nin Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik hörmətli Rövşən Əyyubovun gündəlik diqqət və qayğısını hiss edirik. Bu da, qanunsuz ov edənlərlə mübarizədə fəaliyyətimizin düzgün istiqamətləndirilməsində bizə kömək göstərir...
Qeyd edim ki, biz təkcə Qızılağac Milli Parkının ərazisində brokonerlərə qarşı mübarizə aparmaqla öz işimizi məhdudlaşdırmırıq. Xidməti ərazidə mövcud olan çayların, su hövzələrin və Xəzər dənizinin sahilləri daim nəzarətimiz altındadır. Elə buna görə də, tez – tez 1 saylı RETSİ – nin əməkdaşlarının köməyi ilə xidməti reydlər həyata keçirilir. Tədbirlərimizin əksəriyyətini regional idarənin və Qızılağac Milli Parkının əməkdaşlarının fəaliyyəti ilə əlaqələndiririk. Çalışırıq ki, su hövzələrimizin biomüxtəlifliyini qoruyaq, çay və dəniz sahillərinin təmiz və səliqəli saxlanılmasına nail olaq.
Azərbaycan qarşıdakı COP 29 Beynəlxalq Sammitinə haırlaşdığı bir dövrdə bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir və kollektivimizin məsuliyyətini daha da artırır. Axı, müxtəlif ölkələrdən gələn beynəlxalq tədbirin iştirakçıları respublikamızın ekoloji təcrübəsini öyrənərək öz ölkələrində tətbiq edəcəklər. Təsadüfi deyil ki, hazırda gücləndirilmiş iş rejimi ilə çalışırıq.
Biz bir daha əmin olduq ki, Azərbaycan polisi həm ictmai asayişin, həm də ekologiyamızın, təbiətimizin qorunmasında həmişə ayıq – sayıqdır. Fürsətdən istifadə edib bütün ekoloqların, təbiəti qoruyanların və Cənub bölgəsinin ziyalıları adından Ana təbiətimizin təbii sərvətlərinin mühafizəsində daim ekoloqlara dəstək olan Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis-polkovniki Rövşən Əyyubova və onun bütün əməkdaşlarına minnətdarlığımızı bildiririk. Son illərdə brokonerliyə qarşı aparılan ciddi mübarizənin məntiqi nəticəsidir ki, artıq Xəzər dənizinə axan çaylarda balıqların normal inkişafı üçün əlverişli şərait yaranıb.
Bəxtiyar Hüsyenov
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı RETSİ–nin əməkdaşı, yazıçı – ekoloq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB