ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 santimetr artıb və hazırda da səviyyənin artımı davam edir.

Avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirən Asif Verdiyev deyib: “Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir”.

Yaranmış vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə