Sosial sahədə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları bu il daha 40-dək beynəlxalq mükafat və sertifikatla təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə mötəbər beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin aidiyyəti qurumları arasında əlaqələr daim genişlənir. Növbəti addımlar olaraq bir sıra ölkələrlə (Türkiyə, Rusiya, Bolqarıstan, Moldova, Tacikistan, Misir, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya və b.) sosial sahədə yeni əməkdaşlıq sənədlərinin layihələri də hazırlanıb və onlardan bir qismi imzalanmaq ərəfəsindədir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında qeyd olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl sosial islahatlar prosesində nüfuzlu beynəlxalq təşkilatlarla, müxtəlif ölkələrin aidiyyəti qurumları ilə sıx əməkdaşlığa xüsusi önəm verildiyini bildirib.

Qeyd olunub ki, bu əməkdaşlıq, eyni zamanda, ölkəmizdə aparılan sosial islahatların uğurlarının, DOST konsepsiyasının və rəqəmsal sosial nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin nailiyyətlər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bu il də nazirlik və qurumları üzrə 40-dək, ümumən son iki ildə və cari ilin ötən dövründə 75-dən çox beynəlxalq mükafat və sertifikat əldə olunub. O cümlədən ötən ay Portuqaliyada keçirilən Avropa Regional Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən nazirliyin qurumları 12 mükafatla təltif edilib.

İclasda vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlərdən bəhs olunub. Bu ilin yanvar-aprel aylarında nazirlik üzrə ümumilikdə 667,2 min vətəndaş müraciətinin qeydə alındığı, o cümlədən nazirliyin və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən 40,5 mindən çox vətəndaşın qəbul edildiyi qeyd edilib. Eyni zamanda, həmin dövrdə vətəndaşlar tərəfindən yazılı və e-qaydada edilmiş 171,8 min, bu ilin ötən dövründə sosial şəbəkələr üzərindən edilmiş 36,7 mindən çox müraciətin cavablandırıldığı bildirilib.

Cari ilin 4 ayında nazirlik tərəfindən daha 160 normativ hüquqi akt layihəsinin hazırlandığı, bu aktların sosial islahatların davam etdirilərək daha da genişləndirilməsi, xidmətlərin təkmilləşdirilməsi məqsədi daşıdığı vurğulanıb.

Bir sıra sahələr üzrə daha 14 peşə və kvalifikasiya standartının da hazırlandığı qeyd edilib və kollegiya tərəfindən həmin yeni standartlar müzakirə edilərək təsdiqlənib.

İclasda nazirlik tərəfindən beynəlxalq əlaqələr, strateji planlaşdırma və innovasiyalar, hüquqi aktların layihələrinin hazırlanması, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələləri, vətəndaşların qəbulu, ictimaiyyətlə əlaqələr və s. sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə