Azərbaycanlı şəhid övladlarına qayğı...

Şimali Kiprdə azərbaycanlı şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Şimali Kipr Türk Respublikasının “Şəhid ailələri və qazilər dərnəyi”nin birgə təşkilatçılığı ilə Qarabağa səfər təşkil edildi. Şimali Kipr Türk Respublikasından olan şəhid ailələrini şəhidlərimizin qanı ilə suvarılmış torpaqları ziyarətə gətirdik.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.

“Səfər çərçivəsində Şuşanı, Xocalını və Ağdamı gəzdik, şəhidlərimizin məzarılarını ziyarət etdik. Çox duyğulu anlar yaşadıq. Çünki Şimali Kipr insanları ilə bizim acılarımız, yaşadığımız faciələr eynidir. Həm acılarımızı, tariximizi, həm də Qarabağın azad olunması ilə bağlı fəxarət dolu fikirlərimizi bölüşdük”, – deyə o bildirib.

S.Orucova onu da qeyd edib ki, iyul ayında Şimali Kipr Türk Respublikasının iki universitetində şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək: “Əminik ki, düşərgədə iştirak edən övladlarımız onların tarixi ilə yaxından tanış olacaqlar. Bu da ortaq dostluqların formalaşmasına təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə