Mərakeşin ölkəmizdəki səfirinin Azərbaycan mediası ilə görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün 23 may tarixində idmançı və eləcə də Mərakeşin ölkəmizdəki səfiri Mohamed Adil Embarchın Azərbaycan mediası ilə görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə media nümayəndələri iştirak ediblər.

Mərakeşli ultramarafonçu Karim Mosta velosipedlə ölkəmizə gəlib. O, Azərbaycan Velosiped Federasiyasında gənclərlə velosiped sürüb. Daha sonra mətbuat konfransı keçirilib.

Mərakeşin ölkəmizdəki səfiri Mohamed Adil Gənclər və İdman Nazirliyinə, media nümayəndələrinə minnətdarlığını bildirib. O deyib ki, Karim Mostaya da təşəkkür edirəm ki, uzun yoluna Azərbaycanı da daxil edib: Cənab Karim ilk dəfə deyil ki, yola çıxır. O, tanınmış marafonçudur. Onun Azərbaycana səfəri həm də iki ölkə arasındakı dostluğu nümayiş etdirir, gənclərə nümunədir. Cənab Karimin bura gəlməsi ilə Azərbaycanın onu necə qarşılamasını göstəririk".

Mərakeşli ultramarafonçu Karim Mosta öz təəssüratlarını bölüşüb və jurnalistlərin suallarına cavab verib. O bildirib ki, 9 əsr əvvəl İbn Batutanın keçdiyi yolu yenidən fəth etmək istəyir: "Həm də ölkələri gəzmək əsas məqsədimdir. Kasablankadan bura 106 gün ərzində gəlmişəm. Hər olduğum ölkədə çox yaxşı qarşılandım. Yolum uzandıqca insanlar daha çox təəccüblənir, daha gözəl qarşılanıram. Sərhədi Azərbaycana keçdiyim gündən yalnız yaxşı insanlarla qarşılaşıram. Hamı kömək etmək üçün can atır. Polis əməkdaşları bəzən saxlayıb yolu başa salır, hətta çay da təklif edirlər. İsmayıllıda bir gün qaldım. Orada velosiped muzeyində oldum, çox gözəl məkan idi. Dünən 124 km yol qət etdim. Xəzər dənizini görmək arzum idi, gördüm. Bundan sonra Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Çinə də səfər edib, bu yolu bitirəcəm. İndiyə kimi 145 ölkəni gəzmişəm. Əsas İbn Batutanın rekordunu təzələməkdir".

Mərakeşin ölkəmizdəki səfiri Mohamed Adil və mərakeşli ultramarafonçu Karim Mosta sonda xatirə şəkli çəkdiriblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə