Gədəbəy sakinlərinin 74 illik ailə dəyəri...

Ailə cəmiyyətin ən böyük dəyəridir. Bəzi şəxslər ailənin nə olduğunu elə də dərk etmir, önəm vermirlər. Amma bəziləri isə onu ən ülvi hissləri ilə dəyərləndirərək ailə sütunlarını möhkəm qururlar. Belə ailələr cəmiyyət üçün faydalı övladlar yetişdirmiş olurlar.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Gədəbəy rayonunda yaşayan İsa və Nazanı Ələkbərovlar düz 74 il bundan öncə ailə qurublar və bu dəyərlərə sadiq qalaraq ömürlərini bir-birinə həsr ediblər. 98 yaşlı İsa və 92 yaşlı Nazanı Ələkbərovlar hazırda Gədəbəy şəhərində yaşayırlar.

Ailə başçısı İsa Ələkbərov Gədəbəy rayonunun Qum kəndində doğulub. Elə həyat yoldaşı Nazanı Ələkbərova da həmin kənddə yaşayıb. İsa Ələkbərov rayonda müxtəlif vəzifələrdə işləyib. İyirmi yaşı olanda özünün gələcək həyat yoldaşı Nazanı ilə tanış olub. 1950-ci ildə ailə qurublar.

İsa baba bizimlə söhbətə başlayanda rus yazıçısı Lev Tolstoyun “Anna Karenina” romanının başlanğıc cümləsini dilə gətirdi - “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir”. Bu cütlük ailə dəyərlərinə bu qədər önəm verdikləri üçün artıq 74 ildir ki, bir yerdədirlər.

“74 il öncə, 1950-ci ildə toyumuz oldu. O zaman toylar belə olmurdu, asan ərsəyə gəlirdi. İndiki kimi deyildi. İndi nə qədər inkişaf var, şadlıq evləri var. O zaman nə gəzirdi belə şeylər. Biz çox səmimi yaşadıq. Mənim atam, anam, qardaşlarım, bacılarım sağ idi. Böyük bir ailəmiz var idi və hamımız bir evdə yaşayırdıq. Hamısı Nazanıya böyük hörmət qoyurdular. Bizim ailəmizdə nə narazılıq, nə də söz-söhbət olub. Bu illər ərzində bir-birimizə qayğı, hörmət göstərmişik. Ali partiya məktəbinə məni çağıranda da tək getmədim. Yoldaşımı da apardım. Bakıda yaşadım”, - deyə İsa Ələkbərov bildirib.

Həmsöhbətimiz iki ali məktəb bitirib. O deyir ki, ailə qurmazdan öncə gənclər bir-birini yaxşı tanımalı, aralarında səmimiyyət, dostluq olmalıdır. Onu da bildirdi ki, 74 il ərzində aralarında xırda incikliklər olsa da ciddi münasibət pozuntuları olmayıb. Evlənən zaman öz ailəsi böyük olub: evdə 3 qardaş, 5 bacı bir yerdə yaşayıb. Aralarında bir dəfə də olsun narazılıq olmayıb.

İsa baba deyir ki, həyat yoldaşına sədaqətli olub. Həmişə hara gedib, ömür-gün yoldaşını da özü ilə aparıb. Elə indi də evdə, həyətdə bir-birini gözlərindən uzağa buraxmırlar. Cütlüyün Arzu adında bir övladları var və hazırda Bakıda yaşayır. İsa Ələkbərov həyat yolu barədə bir kitab da yazıb. Deyir ki, hər gün nəvə-nəticələri ilə telefonla görüntülü danışırlar. Bu onlara daha da xoşbəxtlik, sevinc yaşadır.

İsa və Nazanı Ələkbərovların 1 övladı, 3 nəvəsi, 5 nəticəsi var. Yaşları 100-ə yaxın olsa da xüsusi pəhrizləri yoxdur. Demək olar ki, bütün qidaları qəbul edirlər. Xəngəl, plov və qatıq İsa babanın ən sevdiyi yeməklərdir. Yoldaşı Nazanı nənə də evdar xanım olub, dərzi peşəsində çalışıb.

“Düzdür, çətin anlarımız da olub. Evlilik həyatında hər şey ola bilər, amma mehriban olmuşuq. Həm də bir-birimizi yaxşı eşidirik. Biz mehriban ailə olmuşuq. Uzun müddət ailə olmaq üçün gərək mehriban olasan. Gərək yoldaşını eşidəsən. Biz elə olmuşuq. Biz hara getmişiksə, bir gedib bir gəlmişik. Heç vaxt tək getməmişik. Kurorta, gəzməyə bir getmişik. Hər yerə, hətta toylara birgə getmişik”, - deyə 92 yaşlı Nazanı Ələkbərova deyir.

Ailə dəyərlərini hər şeydən üstün tutan Ələkbərovlar ailəsi bu 74 il ərzində həmişə bir-biri ilə mehriban münasibətdə olublar. Nəvə-nəticələri nə qədər istəsələr də, baba və nənə öz ata-baba yurdlarını tərk etməyiblər. Şəhərdə yaşasalar da nəvə-nəticələr onları darıxmağa qoymurlar. Demək olar ki, gündəlik onlarla internet resurslarının imkanlarından istifadə edərək görüntülü danışırlar.

98 və 92 yaşlı Ələkbərovlar deyirlər ki, rayonun səfalı təbiəti və təbii qidaları hesabına bu gün də sağlam həyat tərzi keçirirlər. Hər iksinin səhhətində, demək olar ki, ciddi problem yoxdur. İsa baba bu gün də kitab oxuyur. Nazanı Ələkbərova deyir ki, ömürləri boyunca sevincli günləri çox olub. Amma ən çox Qarabağın işğaldan azad olunması xəbərinə seviniblər. Gədəbəy rayonu özü də sərhəd bölgəsidir.

Evliliklərinin 74 ilini yaşayan cütlüyün bir arzusu var: nəvə-nəticələri xoşbəxt, firavan həyat yaşasınlar. Heç bir qayğı və çətinliyi olmayan Ələkbərovlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz regional filialı tərəfindən səyyar sosial məişət xidməti də göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə