İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib - FOTOLAR

Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin üzvləri, dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edib. Şahin Seyidzadə çıxışında UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilərə təqdim olunan “Xəzinə” muzey ekspozisiyasının ölkəmizin qədim zərgərlik ənənələrinin və numizmatika irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bir çoxu ilk dəfə nümayiş olunacaq, antik çağlardan XX əsrə qədər uzanan dövrə aid eksponatların maddi-mədəni irsimizin daşıyıcıları olduğunu, onlardan ən dəyərlisinin isə eramızdan əvvəl II minilliyə aid tunc kəmər olduğunu bildirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə ölkəmizdə milli zərgərlik sənətimizə həsr olunmuş muzey ekspozisiyasının ilk dəfə yaradılmasına diqqət çəkərək, tarixi qala divarları ilə əhatə olunmuş əsrarəngiz İçərişəhərdə qədim dövrlərdə ərsəyə gətirilmiş zərgərlik məmulatları və pul nişanları ilə yanaşı, müasir dövlətimizin iqtisadi qüdrətinin göstəricilərindən biri hesab edilən, ən yeni texnologiyalar əsasında istehsal edilən sikkələr vahid ekspozisiyada nümayiş etdirildiyini qeyd edib. Zakir İbrahimovun sözlərinə görə, bu, bir tərəfdən, milli-mədəni dəyərlərimizə hörmət və ehtiramı, digər tərəfdən, keçmiş dövrlərdən formalaşmış milli zərgərlik ənənələrimizin yaşadılması və təbliğinə verdiyimiz önəmi özündə ehtiva edir. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Xəzinə" muzey ekspozisiyasının həm vətəndaşlarımızın, həm də ölkəmizə səfər edən xarici qonaqların daim ziyarət etdiyi turistik obyektlərdən birinə çevriləcəyinə, nümayiş etdirilən eksponatların isə ziyarətçilərin böyük marağına səbəb olacağına əminliyinə ifadə edib.

Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub. Qeyd edək ki, “İçərişəhər” qızıl sikkə nümunəsində təkcə paytaxt Bakının deyil, ümumilikdə Azərbaycan memarlığının inciləri hesab edilən Şirvanşahlar Sarayı, Qız Qalası, Şah məscidi, Qoşa Qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələr öz əksini tapıb.

Çıxışlardan sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə