“Azərbaycan istehlakçıları tədricən zəhərlənmənin qurbanıdırlar” - QURUM RƏSMİSİ DANIŞDI

“Yay aylarında temperatur qalxdıqca zəhərlənmələrin sayı da artır. Çünki isti havada reaksiyalar daha sürətli gedir. Burada bir çox məqamlar var. Belə ki, məhsul tarladan istehlakçının masasına qədər uzun bir zəncirdə hər an çirklənə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, saxlanma, daşınma və s. hallarda məhsul çirklənə bilər: “Eyni zamanda küçələrdə isti havada açıq satılan məhsulların çirklənməsi də qaçınılmazdır. Avtomobillərin yük yerlərində məhsul satanları şəhər ərazisində tez-tez görürük. Təbii ki, bu cür yerlərdə də tədricən zəhərlənmələr baş verə bilər. Azərbaycan istehlakçıları tədricən zəhərlənmənin qurbanıdırlar.

Ümumiyyətli ölkədə zəhərlənmənin qeydiyyatı məsələsində problem var. Azad İstehlakçılar Birliyi hazırda dünya təcrübəsini öyrənir ki, zəhərlənmələr necə qeydiyyata alınır. Bu istiqamətdə ciddi işlər görülməlidir. Dövlətin qlobal istehlakçı siyasəti ilə AQTA-nın lokal siyasəti üst-üstə düşmür. Bunlar uyğunlaşmalıdır ki, hamı istehlakçının tərəfində dayansın”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə