“Azərbaycan yenidənqurma və bərpa işlərini uğurla həyata keçirir” - SİYASİ EKSPERT DANIŞDI

“İşğaldan azad edilmiş ərazilərimizdə həyatın bərpa edilməsi konkret plan əsasında sistemli şəkildə həyata keçirilir. Eyni zamanda alternativ enerji mənbələri yaradılır və ya bərpa edilir, ərazilər minalardan təmizlənir, ağıllı kəndlər yaradılır, həmçinin əhalinin hissəli şəkildə bu ərazilərə fasiləsiz qaytarılmasının şahidi oluruq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bərpa və quruculuq işlərinin sözlə ifadə olunması sadə olsa da, orada görülən işlər olduqca çətindir: “Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri maliyyə olaraq böyük xərc tələb edir, həmçinin insan əməyinə ehtiyac olur.

Azərbaycan dövləti və şəxsən ölkə başçısı özü qətiyyətli şəkildə bərpa və quruculuq işlərinin həyata keçirilməsi üçün lazımi addımları atır. Demək olar ki, əhalinin köçürülməsi məsələsi artıq dövlət siyasətinin əsas hissəsinə çevrilməkdədir. Bu Azərbaycan dövlətinin sona qədər aparmaq gücündə olduğu işdir. Bu gün artıq Şuşa, Füzuli, Laçın, Xankəndinə əhalinin köçürülməsi prosesi sürətlə davam edir. Bu prosesin fasiləsiz və sistemli şəkildə aparılması Azərbaycanın bu işi uğurla həyata keçirdiyini deməyə əsas verir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə