"Bu səbəbdən dilənçilik edənlər cinayət məsuliyyəti daşımırlar" - MÜNASİBƏT BİLDİRİLDİ
"İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq dilənçilik edən insanlar inzibati qaydada həbs oluna bilməzlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, dilənçilik etmək cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə səbəb olur: "İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsində deyilir ki, avaralıqla məşğul olan şəxslərə xəbərdarlıq edilir, yaxud da 10 gün müddətinə inzibati qaydada həbs olunurlar.
Onlar hədə-qorxu gələrək insanlardan pul istəmir, onlar rəhm istəyir. Bu səbəbdən dilənçilik edənlər cinayət məsuliyyəti daşımırlar. Avaralıq və dilənçilik dedikdə müəyyən yaşayış yeri və yaşayış vəsaitindən məhrum, ictimai və faydalı işlə məşğul olmayan şəxslərin xırda oğurluq və dilənçiliklə dolanması başa düşülür”.
"Həqiqətən də market və restoranların qarşısında dilənçilərin olması narahatlığa səbəb olur. Təəssüf olsun ki, bu şəxslər Cinayət Məcəlləsi ilə hansısa məsuliyyəti daşımır. Düşünmürəm ki, yaxın zamanlarda da belə bir dəyişiklik olsun. Dilənçilərin azalması üçün sosial rifah yaxşılaşmalıdır. İnsanların sosial durumu yaxşı olmalıdır ki, dilənçilərin sayı azalsın. Bu da hazırkı perspektivdə mümkün görünmür. Dövlətin bu səbəblə həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etməsi qanunauyğun, ağılabatan olmaz" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB