“Qədir müəllimlə birgə Göyçəyə dönəcəyimiz gün uzaqda deyil” - TƏBRİK
“Qədir Aslan Azərbaycan mətbuat tarixində imzası ilə seçilən və tanınan ziyalılarımızdandır. Təsadüfi deyil ki, uzun illər mətbuat sahəsində çalışdığı və onun inkişafında xüsusi xidmətləri olduğu, peşəkarlığı və sənətkarlığı ilə fərqləndiyi üçün 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb. Mənim Qədir Aslan imzası ilə tanışlığım onun tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla, soydaşlarımızın deportasiya və soyqırımı tarixi və taleyi ilə bağlı yazıları ilə başlayır. Lakin buna qədər Qədir Aslan mətbuat aləmində uzun bir yol qət edib. O, sovet dövrü Azərbaycan ali məktəblərinin flaqmanı olan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Uni- versitetinin) Jurnalistika fakültəsini bitirib, 20 il Basarkeçər rayonunun “Vardenis” qəzetində məsul vəzifələrdə çalışıb”. SİA xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qocaman jurnalist Qədir Aslana 80 illik yubiley münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
Millət vəkili diqqətə çatdırıb ki, bütün Qərbi azərbaycanlılar kimi, Qədir müəllim də, onun doğulub boya-başa çatdığı Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (sonralar Nərimanlı) kəndinin camaatı da Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar ermənilərin təzyiqi altında 1988-ci ildə öz ata-baba yurdunu tərk etmək məcburiyyətində qalıb: “Qədir Aslan 1944-cü ildə anadan olub və elə 44 yaşında da elindən-obasından, Oğuz türklərinin beşiklərindən olan doğma Göyçə mahalından, Dədə Ələsgər yurdundan didərgin düşüb. Hamımız kimi, ağır qaçqınlıq taleyi yaşayıb, bu ağrı-acını ürəyinə dərd eləyib, bu dərd yavaş-yavaş ürəyindən qələminə, qələmindən kağıza, kağızdan qəzet, kitab səhifələrinə axıb”.
Deputat Ə.Ələkbərli vurğulayıb ki, “Göyçə şəhidləri” kitabı Qədir Aslan yaradıcılığında mühüm yer tutur və xüsusi əhəmiyyətə malikdir: “Bu kitabda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gözünü qırpmadan həyatını qurban verən Vətən oğullarının – Basarkeçər şəhidlərinin qəhrəmanlığından bəhs edilir. Qədir Aslan bu gün də yorulmadan çalışır və inanır ki, Azərbaycan xalqının qəhrəman oğlu, Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində tezliklə öz tarixi torpaqlarımıza qayıdacaq və doğma Göyçə mahalımızı yenidən məskunlaşdıracağıq. Hər birimiz kimi, bütün Azərbaycan xalqı kimi, Qədir müəllim də həmin Günün uzaqda olmadığına inanır və həmin günü daha da yaxınlaşdırmaq üçün gecə-gündüz yazıb-yaradır. Yubilyarı təbrik edir və əminliklə vurğulamaq istəyirəm ki, Qədir müəllimlə birgə Göyçəyə dönəcəyimiz gün uzaqda deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB