"İkinci türkçülük çalışmaları: dil məsələlərimiz" mövzusunda elmi konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR
Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə "İkinci türkçülük çalışmaları: dil məsələlərimiz" mövzusunda elmi konfrans keçirilib. SİA xəbər verir ki, konfransda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, millət vəkili Sabir Rüstəmxanlı, professor Nəsib Nəsibli, millət vəkili, professor Nizami Cəfərov, professor Mahirə Hüseynova açılış nitqləri ilə çıxış ediblər.
Konfrans "Türkçülüyün mənzurəsi" adlı videoçarxın nümayiş olunması ilə başlayıb.
Konfransda iki panel üzrə beş məruzə müzakirə edilib.
1. Məruzənin müzakirəsi oldu.
2. "Dildə türkçülük gərəyi" mövzusunda Türk Dünyası Araşdırmalar İnstitutunun doktoranti Odər Qutluər məruzə edib.
3. "Güney Azərbaycanda dil sorunu" mövzusunda yazıçı, tərcüməçi dr.Araz Əhmədoğlu məruzə edib.
4. Azərbaycan tarixşünaslığında türkçülüyün sosioloji və mənəvi aspektləri" mövzusunda STM-in baş məsləhətçisi Əfqan Vəliyev məruzə edib.
5. "Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası: irs, uğur və qayğılar" mövzusunda MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı məruzə edib.
Konfransda iştirakçılarının ortaqlaşa gəldikləri nəticələri ictimai fikrə təqdim edirik:
Quzey Azərbaycanda dilimizin indiki statusu az istisnalarla heç vaxt bu qədər yüksək olmamışdır. Bununla belə Azərbaycan Respublikasının özündə, özəlliklə Güney Azərbaycanda dil sahəsində həssas problemlər qalmaqdadır. Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad sözlərin dilimizi doldurmasında, adlarımız və soyadlarımızdakı qeyri-milli durumda, təhsil sistemində, medianın, internetin, reklamın dilində, qanunlar və digər rəsmi sənədlərin dilində, eləcə də Türk Dünyasında ortaq ünsiyyət vasitəsinin olmamasında özünü göstərir.
Sadalanan problemlərin başında dilimizin gerçək və tarixi adının rəsmiləşdirilməsi gərəyi durur. Azərbaycan Respublikasında dövlət dili rəqibsiz dil statusuna malik olmalıdır. Dillə bağlı qəbul edilmiş rəsmi qərarlardakı vəzifələr yerinə yetirilməlidir. Dilimizin xarici təsirlərdən təmizlənməsi qarşısındakı maneələr aradan qaldırılmalıdır. Adlarımız və soyadlarımızın da milliləşməsi həlli gecikmiş problemlərdəndir. Təhsil sahəsinin milliləşməsi və modernləşməsi günümüzün tələbidir. Media, internet, reklam və bunun kimi sahələrdə, eləcə də rəsmi sənədlərdə dilimizə gərəkli sayğı göstərilməlidir. Türk Dünyasında ortaq ünsiyyət vasitəsi kimi Türkiyə Türkcəsinin imkanları daha genişdir.
Dil kimliyimizdir, hətta varlığımızdır. Dil sahəsindəki problemlərin həlli günümüzün təxirəsalınmaz vəzifəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB