Liderlik təlimləri lazımdırmı? - MÜNASİBƏT BİLDİRİLDİ

"Liderlik aktual mövzudur". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, fərdlər arasında liderlik xüsusiyyətləri olanlar gələcəkdə ola bilsin ki, çox yüksək vəzifələrdə yer alaraq cəmiyyət, dövlət üçün faydalı şəxsiyyətlərə çevrilə bilərlər: "Əlbəttə, liderlik keyfiyyəti olan fərdlərin gələcəkdə hər hansı təşkilatda, hər hansı şirkətdə, yaxud da, dövlət sektorlarında yüksək vəzifə almasının müsbət nəticələrindən bəhs etdik. Eyni zamanda fəaliyyət istiqaməti doğru olmazsa, həmin liderlik keyfiyyəti eyni zamanda mənfi nəticələr də doğura bilər. Yəni bir fərdin liderlik keyfiyyətləri var, o, bu keyfiyyətlər hesabına çox rəhbər vəzifələrə yüksələ bilir. Amma fəaliyyət istiqaməti doğru olmadığı, fəaliyyətində rasionallıq, şəffaflıq olmadığı üçün mənfi nəticələr də ortaya çıxa bilər.

Azərbaycanda bu istiqamətdə müəyyən özəl şirkətlər tərəfindən liderliklə bağlı təlimlərin keçirilməsini görürük. Amma çox geniş şəkildə deyil. Şəxsən mən bunu az müşahidə edirəm. Hansı ki, bu aktual mövzu olduğu üçün düşünürəm ki, cəmiyyət həyatında bu istiqamətdə fəallığa ehtiyac vardır".

"Liderlik keyfiyyətlərinin aşkarlanması, həm də formalaşması daha üst səviyyələrə gəlib çatması üçün liderliklə bağlı təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirəm. Düşünürəm ki, tanımadığımız, bilmədiyimiz, bəlkə də, minlərlə gəncimiz vardır ki, onlarda çox gözəl liderlik keyfiyyətləri var. Gələcəkdə onların keyfiyyətlərinin bəhs etdiyimiz təlimlər vasitəsilə daha da inkişaf etməsini təmin etmək olar. Onları tanımaq olar. Yeri gəldikdə fərdlər istər dövlət qurumları tərəfindən, istərsə də özəl şirkətlər tərəfindən daim diqqət mərkəzində olacaqlar, hər hansı idarəetmə fəaliyyətinə cəlb olunacaqlar. Çünki liderlik keyfiyyəti olan şəxslərin rəhbər vəzifələrdə yer tutması fəaliyyət istiqaməti doğru olduğu halda çox müsbət nəticələr verə bilər. Cəmiyyət və dövlət üçün də çox faydalı ola bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə