Azərbaycanda gənc hüquqşünaslar vəkillik sahəsində fəaliyyətə cəlb olunacaqlar

Azərbaycanda gənc hüquqşünaslar vəkillik sahəsində fəaliyyətə cəlb olunacaqlar. SİA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (ARVK) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında imzalanan əməkdaşlıq memorandumunda qeyd olunub.

Bildirilib ki, memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün ARVK və “Femida Könüllüləri” arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir.

Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin VK-nın Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, görüşdə VK-nın sədri Anar Bağırovla yanaşı, sədr müavini Şahmar Məmmədov, baş katibi Bayram Orucov, mətbuat katibi İsmayıl Nəsibli və VK Aparatının hüquqşünas-məsləhətçisi Əli Mirzəyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə