Hansı evlərə sənəd verilə bilməz? - AYDINLIQ GƏTİRİLDİ

“Evlərin sənədləşməsi son yüz il ərzində davam edən qlobal, həcmi böyük bir məsələdir. Qanunsuz istifadə olunan, qismi sənədlər üzərindən verilən, müxtəlif təşkilatların ilkin sənədləşdirmə etdiyi əmlaklar var ki, onlardan bizim vətəndaşlar istifadə edir. Təəssüf ki, bu məsələ hələ də öz qanuni həllini tapmayıb. Müxtəlif mənbələrə görə, qanunsuz tikililərə aid rəqəmlər 500-600 arasındadır və müxtəlif kateqoriyalara aiddir. Ümumiyyətlə sənədi olmayan evlər, torpaq sahələri var. Sovet höküməti vaxtından qalma müxtəlif yaşayış qəsəbələri var ki, bunun qanunlaşması gələcək illərdə, mərhələlərdə nəzərdə tutulub”. Bu sözləri SİA-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, Sovet hökuməti dağılandan sonra kütləvi şəkildə məcburi köçkünlərin axımı oldu: “Daha sonra 2000-ci illərin əvvəllərindən bələdiyyələr formalaşandan sonra, müxtəlif sənədləşmələr edildi, fəqət yenə də hazırda tam sənədi olan da var, qismən sənədi olan da var, heç sənədi olmayan da var".

Ekspert əlavə edib ki, bu qanunsuz tikililərin sənədləşməsi ilə bağlı keçən ilin yanvarın 30-da Ədliyyə Nazirliyi ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında Ombudsman dəvət edilərək bir konfrans keçirildi: "Konfransda qərara alındı ki, ölkədə biznes mühitinin yaxşılaşdırması barədə olan qanunvericiliyə istinadən, ölkədə olan bu qanunsuz tikililərin sənədləşməsi ilə bağlı bir portal yaradılsın. O portalda aidiyyatı olan qurumlar iştirak edəcək və 2024-cü ildə xalqa açıq elan edilməsi gözlənilir. Bu portal dövlət tərəfindən hazırlanıb, ölkədə nə qədər qanunsuz tikili var, hamısının sənədləşməsi bu portaldan həyata keçiriləcək. Burada müxtəlif məqamlar yaranarsa, yenə də qanunvericiliyə uyğun olaraq qeydiyyat tamamlanacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə