Ölkə üzrə 38 min hektar sahəyə çiyid səpilib - proses davam edir

Kənd Təsərrüfatı Nazirliyində pambıqçılığa həsr olunmuş iclas keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının məsul şəxsləri, Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. Qeyd olunub ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirləri davam etdirilir.

İclasda 2024-cü ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, səpinin vəziyyəti barədə məlumat verilib. Qeyd olunub ki, aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15167 mülkiyyətçi ilə 100,5 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 98,3 min hektarında şum işləri başa çatdırılıb, 48,3 min hektarında arat aparılıb. Hazırkı dövrdə ölkə üzrə 38 min hektar sahədə çiyid səpini həyata keçirilib və pambıqçılıq rayonlarında çiyid səpini prosesi davam edir.

Tədbirdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Pambıqçılıq sahəsində innovativ becərmə, müasir suvarma texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, elmi-tədqiqat müəssisələri tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısamüddətli təlim kurslarına cəlb edilməsi, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər qeydə alınıb.

İclasda pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma tələbatın yerli istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən olduğu bildirilib. Pambıq toxumçuluğun inkişaf etdirilməsi və toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Tədbir iştirakçıları yerli pambıq toxumçuluğunun perspektivləri barədə danışıb, pambıq toxumu istehsalı ilə əlaqədar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu bəyan ediblər.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə