“Yanlış məlumatlar cəmiyyətdə ciddi mənfi fəsadlar törədə bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Jurnalist reallıqdan uzaq, fakta söykənməyən, əsaslandırılmamış məlumatlar yaymamalıdır. Bütün bunlar Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına ziddir. Ümumiyyətlə bu "Media haqqında" qanuna da ziddir. Bu cür mənfi hallar jurnalistlər tərəfindən dəfələrlə təkrarlandıqda isə qanun qarşısında cavab verməli olurlar”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.

C.Musaoğlu bildirib ki, jurnalistika ilə bağlı hansı səbəbdən qanun olduğunun fərqinə varmaq lazımdır: “Bütün bunlar jurnalistlərin hər hansı çaşdırıcı yazılarla, məlumatlarla çıxış etməmələri üçündür. Çünki həmin məlumatlar cəmiyyətdə ciddi mənfi fəsadlar törədə bilər. Bu səbəbdən də jurnalistlər yalan xəbər yaymamalıdırlar.

Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin, ayrı-ayrı jurnalist təşkilatlarının çağırışlarına baxmayaraq, bu hallar hələ də davam edirsə, buna qarşı inzibati qaydada tədbirlər həyata keçirilməlidir. Azərbaycanda jurnalistika mühitində monitorinqlər aparılmalıdır. Bununla da qayda pozuntuları getdikcə azalacaq. Keçirilən monitorinqlər nəticəsində saytların adları bir neçə dəfə çəkildiyi təqdirdə, təbii ki, ictimai qınaqdan dərs götürərlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə