"Əgər söhbət diri insanın öz orqanını bağışlamasından gedirsə, İslam dininə əsasən deyilir ki, insanın öz orqanını bağışlamasının iki şərti var". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, birinci şərt qarşı tərəfin həyatı orqanın bağışlanmasına bağlı olsun, ikinci, orqanı bağışlamaq nəticəsində donorun həyatı təhlükəsi olmasın: "Bunlardan hər hansı biri olmasa, orqan bağışlamaq olmaz. Çünki insanın həyatı önəmlidir dedikdə yalnız digər insanların həyatı nəzərdə tutulmur. İnsanın özü də bir insandır. Fədakarlıq Allahın qanunlarına zidd getməyəcək miqdarda olmalıdır. Allah insanın öz həyatını da önəmli hesab edir".
Onun sözlərinə görə, ölü insanın orqanının bağışlanmasına gəldikdə isə bu zaman ölünün sahiblərinin icazəsi olmalıdır: "Ata ölübsə, onun övladları, varisləri, övlad ölübsə, valideynləri, xülasə meyidin varisləri icazə verməlidir. Yalnız o zaman icazə verə bilərlər ki, həqiqətən kiminsə həyatı orqana bağlı olmalıdır. Yoxsa, onu alıb saxlayıb satmaq kimi məqsədlə orqan bağışlamaq olmaz. Yalnız kiminsə həyatı bu orqana bağlı olsa və insanın öz həyatı təhlükəyə düşməsə icazə olar. Bu, diriyə aid qanundur. Ölüyə aid qanun da belədir ki, əgər ölünün varisləri icazə versələr, kiminsə həyatı yalnız bu orqana bağlı olsa, o zaman buna icazə vardır. Bunu alverə, ticarətə çevirmək şəriətlə doğru hesab olunmur. Bu o demək deyil ki, orqan bağışlayan adama pul vermək doğru deyil. Xeyr, söhbət ondan getmir. Söhbət ondan gedir ki, müasir dövrümüzdə bu orqan ticarətə çevrilib. Kiminsə, ehtiyacı olmadığı halda da bu edilir. Yəni söhbət ondan gedir.
İnsanın qəbrə bütöv getməsinə qaldıqda isə insan öz orqanları, əzaları üçün məsuliyyət daşıyır. İnsanın öz əzaları da qiyamət günü onu sorğu-sual edəcəklər. Əgər insan əzablarını doğru yolda, haqq-ədalət uğrunda dini-mənəvi dəyərlər uğrunda fəda edirsə, bu, çox gözəldir. Qiyamət günü həmin əzalar, orqanlar insanın cənnətə getməsinə səbəb olacaq. Əgər insan orqanlarını narkotik vərdişlərlə, digər mənfi hərəkətlərlə məhv edirsə, o zaman qiyamət günü orqanlarına cavab verməli olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB