Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülüb

Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards 2024” mükafatının iki nominasiyasında qalib gələrək növbəti dəfə regionun ən yaxşı hava limanlarından biri statusunu təsdiq edib. SİA bu barədə aeroporta istinadən xəbər verir.

Məlumata görə, Frankfurtda EXPO sərnişin terminalında baş tutan mükafatlandırma mərasimində Bakı aeroportu “Mərkəzi Asiyanın/MDB-nin ən yaxşı hava limanı” adına layiq görülüb. Bundan əlavə, o, ardıcıl üçüncü dəfə “Mərkəzi Asiyanın və MDB-nin ən yaxşı hava limanı işçiləri” nominasiyasında qalib olub.

“Bu, işimizin və mükəmməlliyə sadiqliyimizin gözəl tanınmasıdır. Bizim üçün sadəcə ən yaxşı olmaq deyil, ən yaxşı olaraq qalmaq vacibdir. “Skytrax” tərəfindən iki nüfuzlu mükafat almağımız düzgün istiqamətdə getdiyimizi təsdiqləyir. Bakı hava limanı bundan sonra da beynəlxalq tələblərə və standartlara cavab verən yüksək keyfiyyətli xidmətlər göstərməyə davam edəcək”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“Bakı hava limanı son illərdə “World Airport Awards”da davamlı uğur qazanıb və həm Mərkəzi Asiya/MDB-də ən yaxşı hava limanı, həm də regionda ən yaxşı hava limanı personalı xidməti nominasiyasında ikiqat tanınması aeroportun son illərin çağırışlarından sonra məmnunluğundan xəbər verir",- deyə "Skytrax" şirkətinin baş icraçı direktoru Edvard Pleysted vurğulayıb.

Qeyd edək ki, qlobal hava limanı sənayesi üçün keyfiyyət standartı hesab edilən “World Airport Awards” mükafatı 2023-cü ildən 2024-cü ilə qədər 7 ay ərzində 100 ölkədən olan sərnişinlər arasında keçirilən “World Airport Survey” sorğusuna əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə