Soğan tək soyulasınız... -FELYETON

Bəzən yazırıq, üstəgəl qınayırıq da ki, nə üçün, camaat üz tutur şəhərlərə, kəndlər boşalır, qapılar qıfıllı, yurdlar kimsəsiz qalır... Hələ yeri gələndə kəndlərdən köçənlərə ağıl da veririk ki, niyə köçürsən şəhərə, otur yerində, torpağını ək, biç, məhsulunu götür, illik ruzini qazan, artıq qalanını da çıxar bazara. Sat, sov, gəlir əldə et. Nə işin var axı şəhərdə?

Bu “ağılları” dinləməyən, deyir, gedin öz işinizlə məşğul olun, məsləhətinizi də özünüzə saxlayın. Eşidən, dinləyən isə oturur yerində, başlayır, əkib-biçməyə. Kəndin də işini bilməyən yoxdur. Kəndli, yazıq, qara yazdan başlayır torpaqla əlləşməyə-vuruşmağa. Nə bilim, altını üstünə, üstünü altına çevirir. Sübhün gözü açılmamış beli, dırmığı, şanası çiynində üz tutur dirrik yerinə. Tər axıdır, günün altında mis rəngini alır, qonşu ilə su üstündə qırğına çıxır, su növbəsi çatanda gecəni sahədə keçirir, bəzən bir kölgəlik olmur ki, bir tikə çörəyini orada yesin, onu da gün başına döyə-döyə yeyir. Nə isə ki, əkir-becərir. Məsələn, Tovuz rayonunun Aşağı Mülkülü kəndinin sakinləri kimi. Camaatın tonlarla soğanı həyətlərdə qalıb, dəridən-qabıqdan çıxıb ərsəyə gətirdikləri məhsulun yenə ötən il bir kiloqramını 30-40 qəpiyə satıblar ki, bu il heç 20-25 qəpiyə də sata bilmirlər.

Bu dəllallar ki, var, kəndlidən məhsulu ucuzdan ucuz alır, gətirib bazar və marketlərdə od qiymətinə satırlar. Budur, kəndli sahibkarların hər birinin 50-200 ton arası məhsulu məhv olmaq üzrədir. Kəndli deyir ki, soğanın alış üçün təklif olunan qiyməti heç məhsulun yetişməsi üçün sərf olunan vəsaiti belə ödəmir.

Burada deyirlər bax, sən soğan kimi soyula-soyula məhsul yetişdirəsən, o da qalıb xarab ola. İndi kəndli dəllallara “sizi soğan qabığı kimi soyulasınız”,- deyə qarğış etməsin, necə etməsin? O dəllallara ki, nə qədər nəzarət edən, gözünün üstündə qaşın var deyən yoxdur, bunlar əqidəsindən dönən deyil.

Kənddə ki, kəndlinin əsas məşğuliyyəti əkinçilikdir, o da əkdiyinin bəhrəsinə baxdıqca ürəyi soyulursa, onun şəhər seçiminə kim nə deyə bilər? Yazıq kəndli əkir, sonra da məhsulunu satmağa adam tapmır, məhsul da xarab olub əlindən çıxırsa, kənddə niyə otursun? İndi agah oldu ki, kəndli niyə kəndi tərk edir? Gəl onu kənddə saxla, görüm, necə saxlayırsan. Yerindən qalxan üz tutacaq şəhərə. Deyəcək ki, burada soğan kimi soyulmaqdansa, elə gedib Bakıda ictimai nəqliyyatda, metroda basa-basa düşüb soyularam da. Və yaxud da şəhərin bu başından o başına getmək üçün saatlarla günün altında soğan kimi cızdağım çıxar da...

Bu köçdən, əlbəttə, dəllallar qorxsun. Qorxsun ki, onların əlindən hamı daşdana gələ şəhərə, kəndlərdə bir nəfər qalmaya ki, soğandan-kartofdan əkə. Görəsən belə olarsa, dəllallar nə edər? Nə edəcəklər? Bu dəfə də kəndli kimi onların cızdağı çıxar, ağılları başlarına gələr...

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə