Ən sevdiyiniz fəsil hansıdır və nə üçün? - SORĞU

Ölkəmiz çox zəngin coğrafiyaya malik olduğu üçün dörd fəsilin bir yerdə və aydın göründüyü ölkə olmasına görə çox şanslıdır. Fəsillər payız, qış, yaz və yay olaraq dörd yerə bölünür və hər fəslin özünəməxsus və gözəl cəhətləri vardır. Yaz fəsli əksər insanların fikrincə, ən gözəl fəsildir. Yaz fəslinin ayları; Mart, aprel və maydır. Yaz mövsümündə hava nə isti, nə soyuq, tam ayarında mülayim olur. Yay xüsusilə tələbələrin sevimli fəslidir, çünki bu mövsümdə məktəblər tətil olur və şagirdlər bütün yorğunluqlarını çıxarırlar. Həm də dənizdən həzz almaq üçün mükəmməl vaxtdır. Yayda bəzən istidən yorulsaq da, bu mövsümün özünəməxsus gözəllikləri var. İyun, iyul və avqust ayları yay fəslini təşkil edən aylardır. Ən gözəl meyvələr bu mövsümdə yetişdirilir. Məsələn, yayın istisində yeyilən soyuq qarpız hər şeyə dəyər. Təbii ki, bu mövsümdə dondurmanın uşaqlar üçün xüsusi əhəmiyyəti var.

Payız təbiətin yavaş-yavaş istirahətə və yuxuya getdiyi fəsildir. Ağaclar artıq öz bəhrəsini verib və yaxşı istirahətə layiqdirlər. Bu səbəbdən də üzərlərinə düşən yükü, yəni yarpağı yavaş-yavaş atmağa başlayırlar. Payızda mənzərələrdən də doymaq olmur. Meşəyə baxdığınız zaman hər rəngin hər çalarını görə bilərsiniz. Artıq o qızmar isti bitdi və yavaş-yavaş yağışlar başladı.

Qış fəslində təbiət, nəhayət, dərin yuxuya gedir. Artıq dekabr, yanvar və fevral ayı boyunca ağaclar canlı olmayacaq. Onlar indi növbəti dövr üçün dincəlir və güclərini toplayırlar. Qarla oynamaq istəyənlər üçün ən yaxşı mövsüm qışdır. Bir səhər pəncərədən çölə baxıb hər şeyi ağ görmək kimi bir gözəl şey yoxdur. Düm ağ qar bir yuxunu xatırladır.

Hər mövsümün öz gözəllikləri var. Bəzən istidən, bəzən soyuqdan, bəzən də aramsız yağışdan şikayət etsək də, əslində heç bir fəsildən vaz keçə bilmirik.

SİA mövzu ilə bağlı şəhər sakinlərinə "Ən sevdiyiniz fəsil hansıdır və nə üçün?" sualı ilə müraciət edib.

Şəhər sakini Səbinə Seyidağazadə: "Ən sevdiyim fəsil yaz fəslidir. Daha çox baharın gəlişi ilə ətrafın yaşıllaşması, güllərin-çiçəklərin, təbiət özünü göstərməsi ilə bağlı olduğu üçün daha çox sevirəm. Həm də müasir gənc olaraq bu mənə xoş əhval-ruhiyyə bəxş edir. Daha çox dostlarla əyləncə, şəhərimizin gözəl təbiəti üzə çıxır, bunu görürük, yaşayırıq. Əhval-ruhiyyəmiz də canlanır. Əslində hər fəslin öz gözəlliyi var. Amma düşünürəm ki, yaz və payız daha çox üstündür. Yaz fəsli daha fərqlidir. Öz gözəlliyini üzə çıxardığı üçün yaz fəsli digər fəsillərdən daha üstündür".

Şəhər sakini Lumu Kazımova: "Hər fəslin özünə görə gözəlliyi var. Bütün fəsilləri sevirəm. Ən sevdiyim fəsil isə yaydır. Ona görə ki, istirahət günləri başlayır. Yayın istisi məni narahat etmir. Əksinə mən istini sevirəm".

Şəhər sakini Mədinə Vəliyeva: "Ən sevdiyim fəsil yaz fəslidir. Çünki hava sərin keçir, çox isti olmur. Yağışların miqdarı, küləklər az olur. Ən çox bunlara görə yazı sevirəm. Bir sözlə, təbiət oyanır. Güllər açır, quşların cəh-cəh vurması nəyə desən dəyər. Qışın da öz gözəlliyi var. Hər bir fəslin, təbii ki, öz gözəlliyi var. Qışın qarını, payızın narın yağışını, yayın da dəniz havasını sevirəm".

Şəhər sakini Əbdülməcid Sadıqov: "Ən sevdiyim fəsil yay fəslidir. Çünki dənizə gedirik, əylənirik. Dostlarımla gözəl vaxt keçirirəm, voleybol oynayırıq. Həm də doğum günüm də yayda olduğu üçün yayı çox sevirəm. Digər sevdiyim fəsil isə yaz fəslidir. Yazda narın yağışlar yağır. Yaz yağışını sevirəm. Çıxıb yağışda gəzməyi çox xoşlayıram".

Şəhər sakini Nəzrin Hüseynova: "Ən çox qış fəslini sevirəm. Sakit fəsildir. Soyuğu da çox xoşlayıram, həm də qış fəslində dünyaya gəlmişəm. Yaz fəsli isə çox isti olsa da, insanı düşünməyə sövq edir. Hər yer çiçəklənir, insanı yaşamağa həvəsləndirir".

Şəhər sakini Qumral Şahbazova: "Yay fəslini çox sevirəm. Çünki isti olur. Soyuqla çox aram yoxdur. İstini sevdiyim üçün, bir də gəzinti fəsli olduğu üçün xoşlayıram".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə