Ad və soyadı necə dəyişmək olar? - HÜQUQŞÜNAS AYDINLIQ GƏTİRDİ

“Azərbaycan vətəndaşı 18 yaşına çatana qədər onun adının, soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verilə bilər. 10 yaşına çatmış uşağın adı və soyadı onun razılığı ilə dəyişdirilir”. Bu sözləri SİA-ya danışan hüquqşünas Şamil Paşayev deyib.

Hüquqşünas sözlərinə davam edərək bildirib ki, bu qayda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsi ilə tənzimlənir: “Məsələ ilə əlaqədar olan rəsmi qurumlar isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyidir. Ad və soyadın dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəhər və rayon qeydiyyat şöbələrinə, "ASAN xidmət" mərkəzlərinə müraciət etmək lazımdır. Qanuna əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları da adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verir.

Ş.Paşayev onu da əlavə edib ki, uşaq nikahda olmayan şəxslərdən olarsa və onun maraqlarını əsas tutmaqla anasının soyadını və ya istədiyi soyadı qəbul edə bilər.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə