Filarmoniyada “Musiqi körpüsü” adlı konsert keçirilib - FOTOLAR

Azərbaycan-Amerika Musiqi Fondunun təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Musiqi körpüsü” (ABŞ - Azərbaycan) adlı konsert keçirilib. SİA xəbər verir ki, konsert proqramından əvvəl çıxış edən Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və sədri, tanınmış orqan ifaçısı, Texas Universitetinin professoru Cəmilə Cavadova-Spitsberq “Musiqi körpüsü” layihəsi və rəhbəri olduğu fondun fəaliyyəti haqqında tamaşaçılara ətraflı məlumat verib. O, bu layihənin ABŞ və Azərbaycan arasındakı mədəni əlaqələrin genişləndirilməsi məqsədi daşıdığını vurğulayıb.

Sonra tanınmış dirijor Fərhad Xudiyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilərin qarşısında zəngin proqramla çıxış edib. Proqramda C.Çedvikin (G.Chadwick) “Simfonik eskizlər”dən “Jubilee”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən 2 saylı süita, A.Koplendin (A.Copland) “Rodeo” baletindən “Hoe-Daun” (“Hoe – Down”) və P.İ.Çaykovskinin “Romeo və Cülyetta” uvertüra – fantaziyası səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə