"Apteklərdə xidməti həyata keçirmək üçün yetərincə əczaçı yoxdur" - EKSPERT DANIŞDI

“Hazırda əczaçılıq sahəsi tam olaraq özəl sektorun əlində cəmləşib. Əczaçılıq obyektləri bu gün iki formada lisenziyalaşdırılır. Ölkə üzrə dərman təchizatını bilavasitə həyata keçirən iki böyük şirkət var ki, onların şəbəkələşmiş formada lisenziyası mövcuddur. Azərbaycandakı əksər apteklər də həmin şəbəkələrin tərkib hissəsi kimi fəaliyyət göstərirlər. Digər lisenziyalaşdırma forması isə sahibkarın birbaşa Səhiyyə Nazirliyinə müraciəti əsasında rəsmiləşdirilir. Əgər əvvəllər apteklərə lisenziya beş illik müddətinə verilirdisə, indi müddətsizdir. Dövlət rüsumu isə 1000 manatdır. Əslində dövlətin apteklərə nəzarəti mövcuddur. Amma problem ondadır ki, ölkədə ixtisaslı kadrların sayı azdır”. Bu sözləri SİA-ya danışan tibb eksperti İlqar Hüseynli deyib.

Ekspert qeyd edib ki, ali məktəblərdə əczaçılıq ixtisası üzrə plan yerlərinin artırılmasına ehtiyac var: “Ölkədə apteklərin sayı durmadan artır. Amma apteklərdə xidməti həyata keçirmək üçün yetərincə əczaçı yoxdur. Çünki ixtisaslı kadr çatışmır. Tibbi profilli təhsil müəssisələrində əczaçılıq ixtisası üzrə plan yerlərinin sayı həddindən artıq azdır. Məsələn, mən Tibb Universitetində təhsil aldığım zamanlarda əczaçılıq fakültəsini rus bölməsi ilə birgə hər il 150 nəfər bitirirdi. İndi isə bu say cəmi 40-50 nəfərdir. Onların da əksəriyyəti əcnəbilərdir”.

İ.Hüseynli həmçinin vurğulayıb ki, əczaçıların peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi olaraq seminarların təşkil olunması vacibdir: “Bu gün əczaçılar beş ildən bir sertifikasiyadan keçirlər. Amma bu da formal xarakter daşıyır. Hesab edirəm ki, sertifikasiya prosesindənsə, əczaçılar üçün mütəmadi olaraq seminarlar təşkil olunmalıdır. Ölkəyə yeni idxal olunan dərmanlar, onların xüsusiyyətləri, tərkibləri barədə əczaçılar məlumatlandırılmalıdırlar. Bu onların peşəkarlıq səviyyəsinin artırılması baxımından daha faydalı ola bilər”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə