"Bu qanunla dindarların fəaliyyəti tənzimlənir" - ŞƏRH EDİLDİ

“Bu gün savadlı din xadimləri və islamşünasların yetişdirilməsində İlahiyyat İnstitutunun rolu böyükdür. Amma din sahəsi çox geniş olduğundan yetərincə savadlı dindarların hazırlanması üçün də müəyyən qədər zaman lazımdır. Təbii ki, bu boşluğu dini bilklərə malik olmayan və islamı dərindən bilməyən şəxslər doldurur. O cümlədən müəyyən radikal dini cərəyanlara xidmət edənlər də insanlar arasında islam dinini təhrif olunmuş şəkildə, yəni öz maraqlarına uyğun təbliğ edirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkəmizdə dini etiqad azadlığı haqqında qanun qəbul olunmuşdur: “Bu qanunla dindarların fəaliyyəti tənzimlənir. Yəni, dini icmalarda fəaliyyət göstərən dindarlar müvafiq qurumun icazəsi ilə təsdiq olunurlar. Müvafiq qurum dini icmaya rəhbərləri və yaxud da dini ayinlərin icraçılarını təsdiq edəndə müəyyən prosedur həyata keçirir. Belə ki, dini savadı yoxlanılır və müvafiq biliklərə malik şəxslər icmalara dindarlar kimi qəbul olunurlar.

Daxili inanc məsələsi fərdə aiddir. İnsan ateist də ola bilər, dinə etiqad edən inanclı da. Konstitusiyamızda belə bir seçim azaddır. Daxili inancın olması üçün mütləq şəkildə dini savadlı olması vacib şərt deyil. Sadəcə savadlı dindarlar daxili inanclı şəxsləri islam dini bilikləri ilə düzgün maarifləndirməlidir. Amma dini biliklərə malik savadlı dindarların olmaması cəmiyyətin bu sahəsindəki boşluğunu savadsız mollalıq edənlər tərəfindən dolmasına yol açır. Təbii ki, savadsız dindarlıq fəaliyyətini təqdim edənlərə qarşı bir gündə tədbir görmək mümkün deyil. Bunun yolu İlahiyyat İnstitutu tərəfindən bilikli dindarlar və islamşünaslar yetişdirildikcə tədricən savadı olmayanları əvəzləməklə onları gündəlikdən çıxarmaqla təmizlənəcəyini hesab edirəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə