“Toyota Prius”ların aqibəti necə olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

“Toyota Prius”ların aqibəti necə olacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək. Bəs ölkədə sayı çoxluq təşkil edən və yaşı 15-dən aşağı olan “Toyota Prius”ların aqibəti necə olacaq? Qərar hansı nəqliyyat vasitələrinə aiddir? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun fikirlərini öyrənib.

O bildirib ki, bu fəaliyyətlə bağlı ümumi müzakirələr gedir: "Çünki son aparılan islahatlar nəticəsində avtomobillərin gəncləşməsi və daha az yaşı olan nəqliyyat vasitələrinin taksi fəaliyyəti üçün icazələrinin, yəni lisenziyaların verilməsinə başlanılacaq. Burada məqsəd taksi parkının yenilənməsi, cavanlaşmasıdır.

Əvvəlki illərin avtomobilləri nə kimi fəaliyyət göstərə bilər? Bunun üçün müəyyən metodlar vardır. Misal üçün "Karşerinq" xidmətləri vardır. Bu xidmətlərin əsas məqsədi ondan ibarətdir ki, taksi fəaliyyəti ilə məşğul olmayacaq nəqliyyat vasitələri bu xidmətdən yararlansın. Yaxud, şəxsi avtomobil kimi idarə olunması, xarici ölkələrə ixrac edilməsi mümkün olsun.

"Prius" və digər avtomobillər daha çox ehtiyac olunan qonşu dövlətlərə, Mərkəzi Asiya ölkələrinə ixrac edilə bilər. Tranzit rolu oynamaqla bərabər Azərbaycandan bu nəqliyyat vasitələrinin ixracına ehtiyac ola bilər. Digər tərəfdən isə nəqliyyat vasitələrinin əsas meyarı, ölçüsü ümumi istifadə olunan nəqliyyat vasitələrinin ölkənin avtomobil parkına adaptasiyasıdır. İstənilən növ nəqliyyat vasitəsinin adaptasiyası üçün mütləq onun texniki göstəriciləri və ümumi kateqoriya sinfinə aid olmasına əsaslanmalıdır. Yəni bir nəqliyyat vasitəsinin profili müxtəlif sahədə ola bilər. Əgər söhbət "Prius"dan gedirsə, gündəlik "Rent a car" avtomobili kimi "Prius" istifadə oluna bilər. Məqsəd "Prius"lardan pul qazanmaqdırsa, müəyyən yönləndirici faktorlardan istifadə etməklə yenə də pul qazanmaq mümkündür".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə