“Həmin cütlüklər məsciddə kəbin oxutdura bilməzlər” - DİN XADİMİ AÇIQLADI

“Həmin cütlüklər məsciddə kəbin oxutdura bilməzlər” - DİN XADİMİ AÇIQLADI

“Sonuncu, əbədi və ən mükəmməl din olan İslam təlimləri insan həyatının bütün sahələrində öz sözünü deməlidir. Bu sahələrdən biri, daha doğrusu ən önəmlisi iki əks cinsin birləşərək yeni nəsil yaratmasıdır. Yeni insanın həyata qədəm qoyması ən həssas məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, bütün bunlara əsasən nikaha baxış İslamda çox önəmlidir: “Həm dini, həm də psixoloji baxımdan uşaq ana bətnindən etibarən mənən formalaşmağa başlayır və yeni bir şəxsin təməli ilahi dəyərlərlə başlanmasa, sonralar bir çox fəsadlar törədə bilər”.

O, sözlərinə belə davam edib: “Nikah İslamda kəbin kəsmək və ya əqd oxumaq kimi qeyd olunur. Bu prosesin məhz dini məkanlarda olması vacib deyil, lakin dini və fiqhi qaydalara uyğun olması olduqca vacibdir. Rəsulullah s buyurmuşdur ki, evlənmək dinin yarısını qorumaq deməkdir. Belə bir həssas məsələnin ötəri və əhəmiyyətsiz hesab olunması qəbuledilməzdir. Bu gün dünyada qeyri- qanuni dünyaya gələn uşaqların sayı hesabı yoxdur və bundan bütün aydın düşüncələr narahatdır. Odur ki, bu məsələ xüsusi diqqət tələb edir.

Nikah üçün oğlanın ixtiyarı tamamilə özündədir. O sadəcə məsləhət ala bilər lakin qərarı özü verə bilər. Xanım isə ürəyi təmiz və sadə olduğu üçün aldanmasın deyə atasından icazə almalıdır. Qızın ixtiyarinin yarısı özündə, digər yarısı isə atasındadır. Yəni əgər qız razı olduğu halda atası razı olmasa kəbin düzgün deyil, əksinə, ata razı olsa və qız razı olmasa yenə də nikah düzgün deyil. Əlbəttə qızın bu arada bir imtiyazı vardır, o da bundan ibarətdir ki, əgər ata əsassız olaraq razı olmasa ixtiyar tamamilə qıza keçir. Bəy xanımı hər hansı bir mali dəyər əvəzinə almalıdır və buna dində mehriyyə deyilir. Hazırda dövlət tərəfindən xanımların aldatmasının qarşısının alınması üçün məscid imamlarına tapşırıq verilib ki, dövlət qeydiyyatı olmayan cütlüklər hər hansı bir rəsmi məsciddə kəbin oxutdura bilməzlər. Bu dini qanun deyil və qeyd olunduğu kimi xanımların hüquqlarının qorunması məqsədilə həyata keçirilən bir qaydadır. Xilqət insan üçün yaradılan bir məkandır, bu məkana yaradanın izni olmadan gəlmək doğru deyil və bu iznə kəbin deyilir. Bu arada, kəbinsiz doğulan körpələrin dinə əsasən qətiyyən təqsiri yoxdur, yəni buna görə uşağı körpə ikən və ya gələcəkdə hər hansı bir təzyiqə məruz qoymaq ən böyük və bağışlanması çətin olan günahlardandır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə