Məktəblilər Qızılağac Milli Parkında... - FOTOLAR

Məktəblilər Qızılağac Milli Parkında... - FOTOLAR

2024–cü il “Yaşıl dünya naminə həmrəylik ili”dir

Lənkəran Şəhər Vaqif Əliyev adına 4 nömrəli məktəb – liseyin müəllim və şagird kollektivi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji tədbirlərini davam etdirirlər. Növbəti tədbir 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Milli Parkın əməkdaşlarının iştirakı ilə Qızılağac Milli Parkında baş tutub. Məktəbin direktoru, təcrübəli pedaqoq Səadət Kazımova, məktəbin sinif rəhbərləri Aysel İsgəndərova, Aynurə Babayeva, Səbinə Kərimova da çıxış etmişlər. Çıxışlarda şagirdlərə Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən Qızılağac Milli Parkı, onun nadir flora və faunası və quşlar aləmi haqqında ətraflı məlumat vermişdir. Parkın ekoloji informasiya mərkəzində onlar deyilənləri əyani şəkildə görmüşlər, sonra şagirdlərin iştirakı ilə “Yaşıl Ölkəm” devizi altında təmizlik aksiyası keçirilmiş, Qızılağac Milli Parkının Kiçik Körfəzinin sahilləri tullantılardan, plastik qablardan təmizlənmişdir.

Aksiya zamanı Qızılağac Milli Parkının ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə salınmış bağda həmişəyaşıl ağaclar suvarılmış, onlara aqrotexniki qaydada xidmət göstərilmişdir. Şagirdlər həmçinin İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın bilavasitə iştirakı ilə ərsəyə gəlmiş bağda əkilmiş müxtəlif cins ağaclarla tanış olmuşlar.

Səadət Kazımova məktəblilərin parkdan aldığı xoş təəssüratlara, zəngin ekoloji biliklərə görə onlar üçün lazımi şərait yaratmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığını bildirmişlər.

Sonda məktəb şagirdləri tərəfindən hazırlanmış “Yaşıl dünya naminə”, “Ağacları qoruyaq”, “Yaşıllığa balta vurmayaq”, “Xəzər sərvətimizdir, onu təmiz saxlayaq”, “Quşlar dostlarımızıdır” və s. maarifləndirici ekoloji plakatlar nümayiş etdirilmişdir.

Biz ekoloqlar da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində yeni yaşıllıqların salınmasında, ətraf mühitin qorunmasında, Xəzər sahilində ekoloji aksiyaların, ekoloji maarifləndirmə işlərinin təhsil ocaqlarımda həyata keçirilməsində Elm və Təhsil Nazirliyinin dəstəyini görürük. Fürsətdən istifadə edib çoxsaylı ekoloqlar adından onlara təşəkkürümüzü bildiririk.

Bəxtiyar Hüseynov,
Yazıçı-ekoloq.

Bütün xəbərlər Facebook səhifəmizdə