"Gənc ailələrin işinə müdaxilənin tərəfdarı deyiləm" - EKSPERT FİKRİ
“Nikahların pozulması son illər ən çox üzləşdiyimiz problemlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, boşanmaların sayının artması müxtəlif səbəblərlə izah olunur: “Məncə, valideynlərin gənc ailələrə müdaxiləsi burada birinci yerdə dayanmır, hətta 2-ci və 3-cü yerdə də dayanmır. Düzdür, bu problem ölkəmiz üçün xarakterikdir. Bəzi valideynlər övladlarının işinə qarışırlar, gənc ailələri yönləndirməyə, hətta idarə etməyə cəhd edirlər”.
Seymur Verdizadə sözlərinə belə davam edib: “Hələ də "Gəlin mənim süpürgəmdir, harda istəsəm orda qoya bilərəm" düşüncəsi ilə yaşayan qaynanalar var. Gəlinə ayağını yudurtmaq istəyən qaynatalar da var. Amma bunların sayı çox deyil. Bunlar bütövlükdə Azərbaycan valideynlərinin, ata-analarının ümumiləşdirilmiş obrazı ola bilməz.
Düşünürəm ki, ailələrin dağılmasının səbəblərini daha çox başqa müstəvidə axtarmaq lazımdır. Bu problem cəmiyyətimizi olduqca narahat edir. Məncə həyəcan təbili çalmağın vaxtı çatıb və keçibdir. Gənc ailələrin işinə müdaxilənin tərəfdarı deyiləm. Amma gərək gənclər də doğru seçim etsinlər, doğru qərar qəbul etsinlər. Təəssüf ki, nəinki kənar müdaxilələrlə evlənən, hətta bir-birini sevib evlənən gənclər də cəmi bir neçə ay, yaxud bir neçə il sonra yollarını ayıra bilirlər. Biz bunu gündəlik həyatımızda müşahidə edirik. Məncə hər iki tərəf həm qız, həm də oğlan evliliyə tam hazır olandan sonra bu qərarı verməlidirlər. Ailə institutunu oyuncağa çevirmək olmaz. Ailə institutuna ciddi yanaşmaq lazımdır. İnsan həyatda özünü təsdiqləyəndən sonra izdivaca girməlidir. Çox adam ailəyə, evliliyə, nikaha oyuncaq kimi yanaşdığı üçün sonda bu dırnaqarası oyuncaq onun əlində paramparça olur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB