Azərbaycanda niyə at əti yeyilmir? - MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycanda niyə at əti yeyilmir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Türklərin atla bağlılığı, at bəsləməsi, at minmələri, qoyun, keçi və sair saxlaması indiyə təsadüf etmir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

O bildirib ki, biz tarixə nəzər saldıqda görürük ki, miladdan əvvəl 3000-2500-ci ildə türklər at saxlayırdılar: "Bununla yanaşı Qazaxıstan, Türkmənistanda da at mədəniyyəti var. Düşünürəm ki, at ətinin yeyilməsində böyük qəbahət yoxdur. Sadəcə olaraq elə mətbəxlər var ki, orada, məsələn, Azərbaycan mətbəxində at əti yoxdur. Türk xalqlarında olsa da, bəzi türklərdə, məsələn qardaş Türkiyədə at əti satılmır. Amma Qazaxıstanda, Türkmənistanda at əti kolbasası var. Eyni zamanda onun soyumasını, bozartmasını da edirlər. Südündən də kımız kimi istifadə edirlər. Eyni zamanda xəmir yeməkləri ilə istifadə etdiyimiz qurut hazırlayırlar. Bu da türk mədəniyyətində var.

Ancaq at əti mətbəx mədəniyyətimizə daxil olmadığı üçün bizdə birmənalı qarşılanmır. Hərə bir ajiotaj yaradır ki, at əti problemdir. Əslində biz demirik, kimsə gedib at əti satsın. Özü bilər. Mətbəx mədəniyyətində yoxdursa, onsuz, o kontingent də yoxdur. Biz at əti ilə kolbasa satsaq, onun alışı çox zəif olacaq. Bizim mətbəxə aid olmadığı üçün alıb nə bişirəcəklər? Məsələ burasındadır".

"Kimsə desə ki, at ətindən kolbasa hazırlayıram, kim istəsə alıb yesin, kim istəməsə almasın. Ancaq kolbasanın üzərində yazılmalıdır ki, bu, at ətindən hazırlanmış kolbasadır. İnsanlar arasında problem yaradan işbazların at, yaxud uzunqulaq ətini mal əti adı altında satmaqlarıdır. İnsanları avam yerinə qoymaq, aldatmaq bu kimi hallar var. Ona görə də düşünürəm ki, bu iş cinayətdir. Belə insanlar aşkar olunub, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İnsanları aldatmaq olmaz. Mətbəx mədəniyyətimizdə yoxdur, ona görə də onun bəslənib Azərbaycanda satılması da düzgün deyil. Ölkədən ixrac oluna bilər və ixrac olunur da. Ölkəyə idxal olunan at ətlərinə gəlincə bu, müəmmalıdır.

Dövlət Statistika Komitəsi deyir ki, ancaq yanvar ayında 14 ton at əti ölkəyə idxal olunub. Burada donmuş at ətini də görürük, diri atları da görürük. Diri atlar məlum məsələdir ki, gətirib kökəldib, sonra ixrac etsinlər. Bu, problem deyil. Kəsilmiş halda gəlib harada istifadə oluna bilər? Ölkədə at əti adı altında kolbasamız yox, satış nöqtəmiz yoxdur. Donuz var, amma at əti yoxdur. Donuz əti haramdır, onun satışı var. Amma at əti haram deyil. Bunu dindarlar məndən daha yaxşı bilərlər. Göstəricilərinə görə at əti mikrobioloji çirklənməyə məruz qalmayıb, xarab olmayıbsa, mənşəyi məlumdursa, baytar nəzarəti olunubsa, düzgün şərtlərlə bəslənib kəsilibsə, onu yemək olar.

Mən Şuşada Türk xalqları festivalında idim. Orada türk xalqlarının mətbəxi də var idi. Həmin mətbəxdə at əti yedim, çox ləzzətli idi, heç bir problem də yoxdur. Ən azından bilirik ki, bu at ətləri mikrobioloji çirklənməyə məruz qalmayıb, mənşəyi də məlumdur" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə