Fitrə zəkatı paytaxt sakinləri üçün hansı anlama gəlir? - SORĞU

Fitrə zəkatı paytaxt sakinləri üçün hansı anlama gəlir? - SORĞU

Fitrə zəkatı – Fitr bayramından əvvəl ehtiyacı olan müsəlmanlara verilməli olan sədəqədir. Fitrə zəkatının verilməsində məqsəd imkansız və ehtiyacı olanların Fitr bayramını digər müsəlmanlarla birgə qeyd etmələrinə kömək etmək, eləcə də orucluq ayı ərzində mümkün səhv və nöqsanların kəffarəsini ödəməkdir.

Fitrə zəkatını ramazanın son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Ev sahibi özü üçün və dolanışığı onun öhdəsində olan şəxslər üçün (yaşından asılı olmayaraq) fitrə zəkatı ayırıb ödəməlidir. Fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır. Cəfəri məzhəbinə görə, ramazanın sonuncu günündə, iftar vaxtı gəlmiş qonağın fitrə zəkatı da ev sahibinin boynundadır. Maddi durumu həddən artıq pis olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

SİA şəhər sakinləri arasında "Fitrə zəkatı verəcəklərmi, fitrə zəkatı onlar üçün hansı mənanı daşıyır? Ramazan bayramını harada qeyd edəcəklər?" mövzusunda sorğu keçirib.

Şəhər sakini Rəqsanə Məmmədova: "Hal-hazırda oruc tutmuram, amma bir vaxt tuturdum. Namaz qılan adam deyiləm. Müsəlmanıq, insanlara kömək etməliyik. Fitrə zəkatının verilməsi mütləqdir. Hər bir azərbaycanlı vətəndaşına zəkat verməliyik. Hər bir insan fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı buğda ilə hesablanır, amma insanlara görə zəkat veririk deyə, onu düyü ilə hesablayırıq. Hər adam başına iki-üç kilosu yetməlidir. Zəkat adam başına 10-15 manat arası çıxmalıdır. Bu, hər il mütləq olmalıdır. Əslində imkanlı insanlar çalışıb mütləq imkanı olmayan insanlara kömək etməlidirlər. Biz gələcəkdə - digər dünyada bunların bəhrəsini görəcəyik".

Şəhər sakini Gövhər Həsənova: "Oruc tutmuram, həm şəkər, həm də xərçəng xəstəsi olduğum üçün. Amma fitrə zəkatı verirəm. Ailə üzvlərinin sayına görə zəkat çıxarıram. Evimdə oruc tutanım var. Allah qoysa, Ramazan bayramında bayram süfrəsi açacam. Fitrə zəkatı kasıblara, əlsiz-ayaqsızlara əl tutmaqdır. Özümüz də zəif olsaq da, həmişə qızım fitrə zəkatı verir. Ümumiyyətlə, həmişə kimsəsizlərə əl tutur".

Şəhər sakini Cəmil İsmayılov: "Ramazan bayramını bağda keçirəcəyəm. Fitrə zəkatı verirəm. Oruc tuta bilmirəm, çünki gündə 5 dəfə dərman qəbul edirəm. Vaxtilə oruc tutmuşam, Həcc ziyarətində olmuşam. Hər qayda-qanuna da riayət edirəm. Fitrə zəkatını bayram, orucluq üçün verirlər, ancaq həmişə verilməlidir. Varındırsa verməlisən, yoxundursa, başqa məsələ. Fitrə zəkatını hamı dolansın deyə verirlər. Onun bizə faydasını Allah bilir. Bizə faydası savabıdır. Olan xeyri sən bilmirsən, Allah görür".

Şəhər sakini Xatirə Sadıqova: "Fitrə zəkatı verirəm. Gəlirimin faizini hesablayıram, fikirləşirəm ki, kimin ehtiyacı varsa, ona uyğun zəkat çıxarıram. Fitrə verməyin mənası odur ki, kiməsə kömək edirsən, o da dolanır. Oruc tuturam. Ramazan bayramını da evdə keçirməyi planlaşdırıram".

Şəhər sakini Gülşən Məmmədova: "Fitrə pulu çıxarıram, amma namaz qutularına qoymuram. Mən kasıblara, internetdə xəstə olan, kömək istəyən insanlara verirəm. Ancaq nəzir qutusuna vermirəm. Quranda fitrə zəkatı vermək yoxdur. Çox din xadimindən soruşmuşam, olmadığını deyiblər. Kasıblara ürəkdən verirəm. İmkanları yoxdur deyə, yardım edirəm. Fitrə zəkatı yardım etmək üçündür. Şəkər xəstəsiyəm deyə oruc tuta bilmirəm. Ramazan bayramını evdə keçirəcəyəm. Bişirib qonşuları çağıracağam. Rus qonşularımız var. Çox yaxşı münasibətimiz var. Onlar da məni Paskal bayramında qonaq edirlər. Gərək sülh olsun. Biz tolerant ölkəyik. Hətta ən tolerant ölkəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə