Tələbə kirayə yaşayırsa, necə ev ala bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
İnsanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Günümüzdə hər kəs çalışır ki, özünə aid bir evi olsun. Amma yüksək qiymətlərə görə bəzən hər kəsin birdəfəlik ödənişlə ev almaq imkanı olmur. Bu insanlar kirayədə yaşamaq və ipoteka ilə ev sahibi olmaq arasında seçim etməkdə çətinlik çəkirlər. Ev sahibi olmaq istəyənləri düşündürən bir neçə sual var. İpoteka krediti ala bilərəmmi? Uzun illər ipoteka ödəyə biləcəyəmmi? 20 il kredit ödəmək uzun müddət deyilmi və s.
Hər insan gələcəyini qarantiyaya almaq istəyir. Bir insan üçün ən önəmli investisiyalardan biri də öz şəxsi evinin olmasıdır. Kirayə evdə yaşamaq asan və rahat görünə bilər. Amma uzun müddət kirayə evdə yaşamağın heç də sərfəli olmadığını görürük. Təbii ki, insanların büdcəsinə və gündəlik xərclərinə görə hansı tərəfə daha yaxın olduğu dəyişir.
Kirayə evdə qalmaq, yoxsa daha cəsarətli davranıb kreditlə şəxsi mənzil sahibi olmaq insanları düşündürən önəmli məsələlərdəndir. Hansı daha sərfəlidir?
SİA olaraq mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.
O bildirib ki, hər insan fərqli olduğu üçün, yanaşmaları fərqli olduğuna görə hərənin düzgün hesab etdiyi məsələlər var: "Almaniyada, Türkiyənin İstanbul şəhərində milyonlarla insan kirayə evlərdə yaşayır. Bu o demək deyil ki, insanların imkanı yoxdur. İnsanlar əllərindəki vəsaiti başqa istiqamətə qoyub kirayə yaşaya bilərlər. İş yerinin yanında kirayə qalıb vaxtlarını daha az yolda keçirmək istəyə bilərlər. Pullarını daşınmaz əmlaka yatırmaqdansa, daha gəlirli hesab etdikləri istiqamətə ödəyib faydalana bilərlər. Yəni insanların kreditə, öhdəliklərə münasibəti də fərqli ola bilər.
Bəzi insanlar fikirləşə bilərlər ki, 200 mini verib kirayə qalmaqdansa, bu pulu banka qoyub faizini götürsə, daha yaxşı imkanlarla, daha yaxşı şəraitə malik evdə yaşaya bilər. Buna birmənalı cavab yoxdur. Məsələn, tələbə kirayə yaşayırsa, necə ev ala bilər? Müvəqqəti qalırsa, niyə ev almalıdır? Kirayə həm imkanlardan asılı olan məsələdir, həm planlardan, həm də insanın özündən asılıdır. Burada kimsə düz edir, kimsə səhv edir deyə bilmərik. Kirayə bazarı həmişə olacaq, kirayədə yaşayanlar da düz edəcəklər, ev alanlar da düz edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB