Fitrə zəkatını necə verməliyik: pulla, yoxsa ərzaqla? - MÜNASİBƏT BİLDİRİLDİ

Fitrə zəkatını necə verməliyik: pulla, yoxsa ərzaqla? - MÜNASİBƏT BİLDİRİLDİ

"Fitrə zəkatını vermək oruc tutan və tutmayan müsəlmanlara da vacibdir". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, oruc tutmayan müsəlmanlar elə düşünməsinlər ki, biz oruc tutmamışıq deyə fitrə verməməliyik: "Onlar da fitrə verməlidirlər. Oruc hamıya vacib olduğu kimi fitrə zəkatı da hamıya vacibdir.

Fitrə zəkatı kimlərə verilməlidir?

Fitrə zəkatı gündəlik çörək pulunu qazana bilməyənlərə, ondan da aşağı səviyyəli insanlara verilməlidir. Bir şəxsin ağır xəstəsi var, pula ehtiyacı varsa, ona fitrə zəkatını pul şəklində vermək olar. Hərçənd ki, ərzaq şəklində verilməsi məsləhətdir. Amma indi insanların konkret ehtiyaclarını bilmədiyimiz üçün pul şəklində verməyin eybi yoxdur. Əsasən yoxsullara ərzaq şəklində verilməlidir. Yoxsulun ehtiyacı başqa bir şeyədirsə, ona pul şəklində vermək olar. Xəstələrə də vermək olar. Əslində xeyriyyə işlərinə fitrə zəkatını vermək doğru deyil. Hərçənd ki, olar, amma əsasən yoxsulların ehtiyacları üçün ödənməlidir.

Fitrə zəkatının verilməsi zamanı fitr bayramı - Ramazan ayının bayramı günü bayram namazından öncədir. Gecikdirənlər ən geci günorta azanına qədər verməlidirlər. Səbəbsiz yerə günorta azanından gecikdirmək günahdır. Çünki ehtiyacı olan insanların gözü həmin zəkatdadır. Biz də onu gecikdirsək, onların həmin günü məhrumiyyətlə keçmiş olar".

"Zəkat çıxarmağın səbəbləri Allahın əmridir. Lakin bəzi ikinci dərəcəli səbəbləri biz başa düşürük. Zəkat çıxarmaq insanın var-dövlətini təmizləyir. Hədislərdə malın zəkatını vermək bir bağbanın öz bağındakı ağacların artıq yarpaqlarını budamağa bənzədilir. Əgər bağban həmin artıq budaqları budamasa, bağın bəhrə vermək potensialı azalacaq. Onları budasa, bağ daha yaxşı bəhrə verəcək. Malın zəkatı, canın zəkatı, ümumiyyətlə, zəkat şəriətimizdə bu cür xarakterizə olunmuşdur: "siz mallarınızın zəkatını verin ki, mallarınız daha da təravətlənsin, çoxalsın, inkişaf etsin".

Bu gün iqtisadi vəziyyət əksəriyyətdə normal deyil. Ona görə də bu il 3 kq buğdanın, arpanın pulunu hesablamaq bir az məsləhət deyil. Mümkün qədər hər kəs imkanına görə mümkün qədər bahalı şeyləri nəzərə alsın. Düzdür, yazılıb ki, hər bir ailə üzvünün əvəzindən 3 kq buğdanı, ya da pulunu ödəsən kifayətdir. Amma bu gün insanların ehtiyacları çoxdur. Ailə üzvü 10 nəfərdirsə, hərəsinin adına 3 kq buğdanın pulunu ödəsək, 30 manat edəcək. Bu gün 30 manata yoxsul nə edə bilər? Ona görə də yaxşı olar ki, düyünün, xurmanın pulunu hesablasın ki, yoxsulların da əlinə bir şey keçsin. Zəkat fitrəsini ailə başçısı, ailəni dolandıran şəxs verməlidir. Bu, ata da, ana da, övlad da ola bilər. Kim işləyib ailəni dolandırırsa, ona vacibdir ki, fitrə ödəsin" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə