“Bunlar təhlükəsizliyin yüksək səviyyədə olmasının göstəricisidir“ - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Bunlar təhlükəsizliyin yüksək səviyyədə olmasının göstəricisidir“ - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda təhlükəsizliklə bağlı hər hansı bir narahatlığa ehtiyac yoxdur. Əlbəttə ki, güc strukturları tərəfindən təhlükəsizliyin təmin olunması yüksək səviyyədə həyata keçirilir. Bunun bariz nümunəsi kimi, illərdir Azərbaycanda nüfuzlu, beynəlxalq tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsini qeyd edə bilərik. Bu il də Azərbaycanda COP29 kimi böyük bir tədbir keçiriləcək. Bunlar təhlükəsizliyin yüksək səviyyədə olmasının göstəricisidir. Bu da ölkə başçısının iradəsi və güc strukturlarının, hüquq-mühafizə orqanlarının səyi nəticəsində reallaşır. Hətta dünyanın nüfuzlu şirkətlərinin, qurumlarının, təşkilatlarının təhlükəsiz hesab olunan ölkələr siyahısında Azərbaycan da üst sırada yer alır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.
Ekspert əlavə edib ki, dövlət bu məsələdə uğurlu olsa da, müxtəlif təyinatlı obyektlər, eləcə də vətəndaşlarımız diqqətli olmalıdır: “Onlar bu məsələdə daha fəal iştirak etməlidirlər. İnsanlar qarşılarına çıxan, baş verə biləcək, şübhə doğuran yeni hallar olarsa, şübhəli əşyalara rast gələrlərsə, aidiyyəti üzrə məlumat verməlidirlər. Belə olan halda vətəndaşlar hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Daha çox insanın cəmləşdiyi məkanlarda - ticarət mərkəzləri, konsert zalları, ictimai iaşə müəssisələri və parklarda təhlükəsizlik məsələsi ön planda olmalıdır.

Ekspert onu da vurğulayıb ki, girişdə insanların vizual olaraq yoxlanmasından, nəzarət müşahidə kameraları vasitəsilərinin reydlərindən tutmuş obyektin fiziki qorunmasına qədər proses diqqətdə saxlanmalıdır: “Kompleks yanaşma olan tədbirlər planı da olmalıdır. Bütün təyinatlı obyektlərdə mühafizəçilərin bilik və bacarıqlarının yüksək səviyyədə olmasını, mütəmadi olaraq təlimatlandırmadan keçməsini, təlim kurslarına cəlb olunmasını, hər bir obyektin təhlükəsizlik riskinin qiymətləndirilməsini düzgün həyata keçirmək lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə