“Mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Bir şəxs mənzil alarkən ilk növbədə həmin mənzillə baxış keçirməli, mənzilin çıxarışı ilə tanış olmalıdır. Burda isə diqqət edilməli məqam var. Mənzil alan şəxs onu çıxarış adına olan şəxsdən aldığına əmin olmalıdır, çıxarışda olan mənzil sahəsinin reallıqda olub-olmaması müəyyən edilməlidir. Çünki notariusa gedən zaman notarius mənzilin sahəsini ölçmür. Belə olan hallarda bəzən vətəndaşa hansısa böyük sahəni göstərib, satılarkən isə başqa sahə satılır. Mənzil alarkən Dövlət Reyester Xidmətindən arayış alınır. Bu arayış həmin mənzilin girovda olub-olmamasını müəyyən etmək üçündür. Amma vətəndaş hər zaman çıxarışda olan sahənin aldığı sahə ilə uyğun olub-olmamasına diqqət etməlidir". Bu sözləri SİA-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert deyib ki, digər bir məqam satılan mənzildəki insanların qeydiyyatı ilə bağlı problemlərdir: “Vətəndaş həmin mənzildə kimlərin qeydiyyatda olması ilə maraqlanmalıdır. Çünki bir çox hallarda daşınmaz əmlak alan şəxsin adına keçsə də, köhnə sahibi olanlar evdən çıxmır. Qeydiyyatla bağlı məsələlər növbəti dəfə alqı-satqı edəndə problem yaradır. Ümumiyyətlə qeydiyyatla bağlı problemlər olduğuna görə, məsələn, vətəndaş evini satarkən sənədsiz evlərə qeydiyyata düşə bilmədiyinə görə bu məsələ problemlər yaradır. Gələcəkdə də həmin vətəndaş mülkiyyət hüququnu tam bərpa etmək üçün məcbur olur ki, evdə əvvəldən qeydiyyatda olan şəxsləri məhkəməyə verərək, onların qeydiyyatını ləğv etsin. Bu da həm vaxt, həm də artıq məsrəf aparır. Mütləqdir ki, vətəndaş əvvəlki ev sahibi ilə qeydiyyatla bağlı məsələlərin necə həll olunacağı ilə bağlı danışsın. Notariusda bir ay vaxt qoyulsa da, bir çox hallarda onlar qeydiyyatdan çıxmır, bu da problemlərə səbəb olur”.

Ramil Qasımzadə vurğulayıb ki, mənzil alarkən mütləq bazar araşdırması aparılmalıdır: “Yaxşı olar ki, bu zaman maklerlərin tövsiyələri iə kifayətlənməsinlər. Əmlakın qiymətlədirilməsi ilə məşğul olan şirkətlərə müraciət edib, onlardan xüsusi rəy alsalar daha yaxşı olar ki, həmin mənzilin real bazar dəyərini öyrənərlər. Diqqət edilməli məqam isə vətəndaşların aldıqları evin qiymətini notariusda düzgün qeyd etməsinin vacibliyidir. Çünki elə hallar var ki, vətəndaş 100 minə ev alırsa, ona deyir bank faizini artıq verməmək üçün məbləği daha az, məsələn 60-70 min və s. göstərək. Halbuki bu rəqəm çox kiçikdir, 0.2 faizdir. Mən isə vətəndaşlara rəqəmləri azaltmağı tövsiyə etmirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə