"Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Tural Həsənli deyib.

O bildirib ki, qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir: "Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Bu əməldə təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Qeyd edim ki, bu cinayət hədənin zərərçəkmiş şəxsə çatdığı andan törədilmiş sayılır. Eyni zamanda, cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir.

Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə hər hansı yolla çatdırılmasıdır. Buraya şəxsin törətdiyi hüquq pozuntuları barədə, intim həyatı ilə bağlı məlumatlar daxildir. Rüsvayedici məlumatlar dedikdə burada onun həqiqət olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi yalnız zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır.

Cinayətin subyekti 14 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Hədə-qorxu ilə tələbetmə cinayətinin ağırlıq dərəcəsi həm də əldə edilməsi nəzərdə tutulan əmlakın miqdarına görə dəyişir. Bəzi hallarda əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Bu hal da qeyd olunan cinayət əməlinə aiddir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə