Qorxu filmləri XX əsrin ortalarından etibarən daha çox müraciət edilən janrlardan biri oldu. Əvvəllər fantastik ədəbi qəhrəmanlardan bəhs edilən bu tip filmlərdə II Dünya Müharibəsindən sonra fərqliliklər meydana gəlir - daha çox insan həyatı üçün təhlükə törədə biləcək məqamlara nəzər yetirilir. Bu zaman 3 mövzu əsas götürülür: şəxsiyyət qorxusu, qiyamət qorxusu və şeytani qüvvələr qorxusu.
Böyük auditoriyası olan qorxu filmlərinə uzun müddət film tənqidçiləri o qədər də ciddi yanaşmayıblar. Ancaq böyük film studiyalarının və hörmət edilən rejissorların da bu sahədə öz işlərini görməsi tənqidçilərin marağına səbəb olub. Hazırda isə texnikanın inkişafı bu cür fantastik filmlərin çəkilməsinə geniş imkan yaratmışdır.
Qorxu filmləri insan psixologiyasına necə təsir edir? Bəs neqativ hisslər keçirdiyimizə baxmayaraq niyə qorxu filmlərini sevirik? SİA mövzu il bağlı psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.

O bildirib ki, qorxu insanın psixologiyasına mənfi təsir göstərir: "Çünki qorxan insan hər zaman təşvişli, həyəcanlı olur. Qorxan insanın həmişə duyğuları, düşüncələri mənfiyə doğru dəyişir. Neqativ hisslər keçirsək də, biz əgər qorxu filmləri izləyiriksə, bu, insanın xarakteri ilə bağlıdır. Bəzi insanlar bilərəkdən qorxmağı seçir, o hissləri daim yaşamaq istəyirlər. Çünki qorxu, sevgi, həyəcan bizə adrenalin verir. Bizi bir az da olsa, xoşbəxt edə bilir. Qorxan insan belə həyəcan keçirir, içindən qəribə bir elektrik keçir. O elektrik keçərkən insan özünü fərqli hiss edir.
Özünü, psixikasını qoruyan insanlar sevmək, yaratmaq istəyirlər. Amma qorxan insanlar sevib, yarada bilmirlər. Onlar daha çox destruktiv olurlar. Yanında olan insanların psixoloji təsirlərinə məruz qalırlar, ya da yanında olan insanları psixoloji təsirlərə salırlar. Ona görə də, ümumiyyətlə, insanın xarakteri ilə bağlı içinə qapanıq, yoxsa daha ekstravert, introvert olması qorxunun yaşanmasında çox vacib faktorlardan biridir. İntrovert insanlar qorxunu içində yaşayır və birdən güclü panik atakla üzləşə bilirlər. Amma ekstrovert insanlar daim nəşəli, emosional olduqlarına görə onlarda bu qorxu, həyəcan bir müddət çəkir və ondan sonra bitir.
Çalışmaq lazımdır ki, öz psixikamızı tam anlayaq, öz xarakterimizi bilək və ona uyğun olaraq da həm filmləri, həm də xəbərləri izləyək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB