Banka borcumuzu ödəyə bilmiriksə, bizi nə gözləyir? - VƏKİL AÇIQLADI
“Mülki Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.
O, sözlərinə belə davam edib: “Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
Lakin borclu müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi üçün azadlıqdan məhrum edilə bilməz.
Belə ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs müqavilə üzrə öhdəliyini icra edə bilmədiyi üçün azadlıqdan məhrum edilə bilməz.
Bəs nə zaman həbs edilə bilər?
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yəni siz borcunuzu ödəmək iqtidarında olmadığınıza görə deyil, borcun qaytarılması barədə əleyhinizə çıxacaq olan qətnaməni qərəzli olaraq icra etməməyə görə azadlıqdan məhrum edilə bilərsiniz.
Yəni, məsələn sizin 5000 AZN hansısa banka borcunuz var. Ayda 200 manat ödəniş etsəniz belə sizi məsuliyyətə cəlb edə bilməyəcəklər. Çünki bu halda sizdə qərəzli niyyət yoxdur. Ona görə də məsləhətim ondan ibarətdir ki, məsuliyyətə cəlb olunmaq istəmirlərsə hər ay az-az da olsa ödəniş etsinlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB