“Tədbir görülməsə uşaqlar “internet pandemiyasından” əziyyət çəkəcəklər” - EKSPERT DANIŞDI

“Tədbir görülməsə uşaqlar “internet pandemiyasından” əziyyət çəkəcəklər” - EKSPERT DANIŞDI

“Bu mövzu dünəndən başlayan, bugün də həll olunmayan və sabahımız üçün ciddi problemlərin yaradacağını açıq göstərən bir mövzudur. Çox təəssüflə qeyd edirəm ki, ölkədə bu istiqamətdə görülməli işlər hələ ki, sənədlərdə, tədbirlərdə söylənilən çıxışlarda qalmaqdadır. Tədbirlər görülməsə uşaqlar ciddi şəkildə “internet pandemiyasından” əziyyət çəkəcəklər. Təkcə uşaqlar yox, elə böyüklər də bundan öz payını alacaq”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Rəşad Cəfərov deyib.

Onun sözlərinə görə, qarşısını almaq üçün ölkədə müxtəlif fikirlər səsləndirilir, bəzi addımlar atılır ki, düşünürəm bu addımlarla da fəsadların qarşısını almaq çətin olacaq: “Misal üçün provayderlərin təqdim etdiyi halal internetlər, mobil qurğularda quraşdırılan bəzi tətbiqlər, “ağ siyahılar”, xüsusi domen zonalar və s. İnternet o qədər əlçatandır ki, uşaqlar bunu hər zaman hər yerdə əldə edəcəklər. Düşünürəm ki, uşaqları, elə böyükləri, valideynləri də internetdə onları hansı təhlükələrin gözlədiyi barədə məlumatlardırmaq lazımdır. Xüsusən cinayətkarların, zorakı insanların hədəfinə tuş gələ bilmələrini hər kəs bilməli, təhdidləri müəyyən etməyi bacarmalıdırlar. Bax, məncə görülən tədbirlər əsasən bu istiqamətdə olmalıdır”.

Texnoloq sözlərinə davam edərək bildirib ki, hər bir işin, addımın öz mədəniyyəti var: “Növbədə durmaq, avtomobil sürmək, qonaq qarşılamaq, bax, internetə də belə yanaşma ilə baxmaq lazımdır. İstifadəçilərdə internetdən istifadə mədəniyyəti formalaşmalıdır. Burada onları gözləyən təhlükələr və ya qazana biləcəkləri müsbət məqamları istifadəçi qabaqcadan bilməlidir. İnternet də bir imtahandır, uşaqlarımız ora hazırlıqlı girməlidirlər ki, pis qiymət almasınlar. Uşaqların bu təhlükədən qorunmasını təkcə valideynin üzərinə qoymaq olmaz. Bunun üçün səmərəli, bir daha qeyd edirəm, səmərəli proqramlar müvafiq dövlət qurumları tərəfindən görülməlidir”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə