"Haqqına girdiyin insandan halallıq al" - MÜNASİBƏT BİLDİRİLDİ

"Haqqına girdiyin insandan halallıq al" - MÜNASİBƏT BİLDİRİLDİ

İslam dinində insan haqqı ən mühüm məsələlərindən sayılır. Hər bir müsəlman başqasının hüquqlarına riayət etməli, heç kəsin haqqını yeməməlidir. İnsan haqqına təcavüz etmək ən böyük günahlardan sayılır. Buna görə həm bu dünyada, həm də axirətdə cəza nəzərdə tutulub. Boynunda başqasının haqqı var ikən dünyasını dəyişən adam həm qəbir əzabına, həm də axirətdə cazəya məruz qalacaq. Halallıq almaq və vermək niyə vacibdir? Kiminsə haqqına girdikdə niyə bağışlanmaq üçün tövbə etməyimiz kifayət deyil?

SİA bu mövzu ilə bağlı Təzə Pir məscidinin axundu Mircəfər Əyyubovun fikirlərini öyrənib.

O bildirib ki, insanların boynunda iki haqq qalır: "Biri Allahın haqqı, digəri bəndənin haqqı. Allah öz haqqını bağışlamaqda ixtiyar sahibidir. Özünə bu ixtiyarı verir ki, bəndələri bağışlasın, ya bağışlamasın. Lakin insanın boynunda başqasının haqqı varsa, onu Allah bağışlamır. Allah deyir: "Haqqına girdiyin insandan halallıq al".

Əlbəttə, bu insan haqları yalnız fiziki haqlar deyil, mənəvi haqlar da var. Necə ki, birinin malını oğurlasan, onun malını qaytarmasan, Allah səni bağışlamaz, birinin yaxını öldürsən, o sənə halallıq verməsə, Allah səni bağışlamayacaq. Eləcə də, birini rüsvay etsən, o səni bağışlamasa, Allah səni bağışlamayacaq. Birinin şəxsiyyətinə, ləyaqətinə həqarət etsən, o səni bağışlamasa, Allah səni bağışlamaz. Hətta birinin vəzifəsini mərdimazarlıq edib əlindən alsan, o səni bağışlamasa, Allah səni bağışlamayacaq. Çünki peyğəmbər əleyhissəlamdan hədis var ki, müsəlmana başqa müsəlmanların qanı, malı, canı və abrı, hörməti haramdır. Ona görə də insan haqlarını Allah bağışlamır. Deyir ki, çalışın, bu dünyada halallıq alın. Qiyamət günündə əgər bir nəfər halallıq almadan gəlsə, haqqına girdiyi insan ya onun sabahlarını əlindən alacaq, ya da öz günahlarını onun boynuna yükləyəcək və vəziyyət çox çətin olacaq. Onun üçün də bu dünyada halallıq almaq vacibdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə