""TikTok"la bağlı narahatlıq artır". Bu sözləri SİA-ya açıqlamasında İnformasiya Texnologiyaları Elmləri üzrə ekspert Fərrux Rəcəbli deyib.

O bildirib ki, artma səbəbi də məlumdur: "Birinci səbəbi, bu gün "Tiktok"un başqa məqsədlərlə istifadə olunmasıdır. Bəzi insanlar tərəfindən əxlaqi, milli-mənəvi, ailə dəyərlərinə zidd davranışlar sərgilənir. Çünki bir çox fenomenlər var ki, onlar "TikTok"da ancaq bununla məşğuldurlar. Əxlaqsızlığı, tərbiyəsizliyi təbliğ etməklə, milli-mənəvi dəyərlərimizə zidd davranışlarla Azərbaycan vətəndaşı olaraq bizi digər ölkə istifadəçilərinin qarşısında biabır etməklə məşğuldurlar. Çox acınacaqlı vəziyyətdir. Çünki bir çox ölkələr var ki, bizə baxırlar və bilən bilir ki, Azərbaycanda milli-mənəvi dəyərlər yüksəkdir. Bizi izləyəndən sonra fikirləri dəyişir. Baxırlar ki, Azərbaycanda deyilənlə görünən eyni deyil.
Çox təəssüf olsun ki, dövlət orqanları da buna ciddi nəzarət etmir. Bəzi dünya ölkələrində "TikTok" və digər sosial şəbəkələr üzərində çox ciddi şəkildə nəzarət var. Hətta bəzi ölkələrdə, ümumiyyətlə, "TikTok"dan istifadə qadağandır. Amma Azərbaycanda hələ ki, belə bir şey yoxdur. Deyilənə görə bu yaxınlarda "TikTok" adminstrasiyası Azərbaycana gələcək və yeni qaydalar tətbiq edəcəklər, "TikTok"u ciddi nəzarətə alacaqlar. Əgər doğrudursa, "TikTok"dan pul qazananlar dövlətə vergi ödəyəcəklər. Hələ ki, reallıq öz əksini tapmayıb.
Məsələ odur ki, bir çox "məşhurlarımız" pula, jetona görə sosial şəbəkələrdə hər alçaqlığı, tərbiyəsizliyi edirlər. Bununla da qürur duyurlar. Onlara canlı yayımda sual verirlər ki, pula görə niyə özünüzü bu vəziyyətə salırsınız? O qədər qürurla cavab verirlər ki, etdikləri hərəkətlə qürurlanırlar. Bunlar mənəvi dəyərləri olmayan insanlardır. Təəssüflər olsun ki, belə bir reallıq var ki, sosial şəbəkələrdə bu gün maarifləndirici məlumat paylaşanların heç biri izlənmir, onlara maraq yoxdur. O insanların canlı yayımına baxsanız görəcəksiniz ki, onları izləyənlərin sayı maksimum 10-15 nəfərdir. Kim ki meymunluq edir, əxlaqsızlığı təbliğ edir, jetona görə şərəfini, ləyaqətini ortaya qoyur, onları minlərlə insan izləyir və cürbəcür məbləğdə hədiyyələr atır, dəstək olurlar. İnsanlar bundan həzz alırlar. Bu, izləyicilərə başqa cür həzz verir. Məncə, bu cəmiyyətdə olan anormal psixologiyadır. Həmin insanların da o canlını açan insanlardan heç bir fərqi yoxdur. Ən acınacaqlısı da odur ki, bizi bu vəziyyətə salanların faiz yüksəkliyi xanımlardır. Biz xarici ölkələrə çıxdığımız zaman Azərbaycan milli dəyərlərindən danışanda, Azərbaycan xanımlarının şərəf, qeyrətindən danışanda "TikTok"u qarşımıza qoyurlar. Bizə deyirlər ki, buyurun, bu da sizin Azərbaycan xanımınız".
"Çox heyif ki, dövlət qurumları, hüquq-mühafizə orqanları bununla bağlı heç bir tədbir görmürlər. Dövlət qurumlarına qarşı hər hansı səhv olunarsa, həmin insanları polis bölməsinə gətirirlər, orada üzrxahlıq videosu çəkib paylaşırlar. Əgər dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına qarşı təhqir zamanı bunu etmək mümkündürsə, niyə bunu normal hallarda etmək mümkün deyil? Bir xanım çıxıb bizim milli-mənəvi, əxlaqi dəyərlərimizi alçaldırsa, bir bəy çıxıb Azərbaycan kişisinin şərəf, ləyaqətini alçaqdırsa, niyə bu halda onlara qarşı heç bir tədbir görülmür? Deyilənə görə Azərbaycana adminstrasiya gələcək. Guya, bu işi ciddi nəzarətə alacaqlar. Amma inanmıram. Maksimum gəlib hansısa filtirləri tətbiq edəcəklər. Ən yaxşı halda o olardı ki, bu "məşhurlar"ın hamısının "TikTok" istifadəsinə qadağa qoyulsun.
"TikTok" platforması bağlanmalıdırmı?
"TikTok" platformasını yaradanlar onu o məqsədlə yaratmayıblar ki, kimsə çıxıb orada əxlaqsızlıq, meymunluq etsin. O məqsədlə yaradılıb ki, insanlar özləri ilə bağlı hansısa məlumatı paylaşsınlar, canlı yayım açıb söhbət etsinlər, oyunlar oynasınlar. Hətta pul da qazanmaq olar, heç bir problem yoxdur. "TikTok"u yaradan insanların əziyyəti var. Bu gün hansısa ölkədə lazımsız məqsədlə istifadə olunur deyə, Azərbaycanda biabırçı hal alıb deyə, ölkəmizin deyərləri aşağı düşüb deyə, kiminsə zəhmətini, haqqını taldalaya bilmərik. "TikTok" platformasının bağlanmasını tələb etmək haqsızlıqdır. Ən yaxşısı, platformanın çox ciddi nəzarətə alınmasını tələb edə bilərik. Platformadan lazımsız insanların girişinə qəti şəkildə qadağa qoyulmasını tələb etsək, doğru olar. Bu, digərlərinə nümunə olar. Bundan sonra "TikTok"la bağlı narahatlıqlarımız da aradan qalxacaq. Düşünürəm ki, bizim üçün böyük dəyişikliklər olacaq.
"TikTok"un bu hal alması ən çox gənc nəslə təsir göstərir. Çünki gənc nəsillər, uşaqlar, yeniyetmələr "TikTok"a daxil olanda bunlardan başqa heç nə görmür və nümunə götürürlər. Çünki hamı istəyər ki, məşhur olsun. Onlar da bu hissə qapılırlar. Ümid edək ki, bu məsələ ilə bağlı yaxın zamanlarda ciddi dəyişikliklər olacaq. Hər şey bir tərəfə, məncə, Azərbaycanı başqa cür tanımaqları, kişi, xanımlarımızı dünyaya başqa cür tanıtmaq bizim üçün ən ciddi məsələ olmalıdır. Biz bunu doğru etməliyik" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB