Azyaşlıların qətlə yetirilməsinə ŞƏHƏR SAKİNLƏRİNİN BAXIŞI - SORĞU
Son vaxtlar azyaşlıların qətlə yetirilməsi, öldürülməsi halları çoxalıb. SİA olaraq şəhər sakinləri arasında "Bu məsələyə münasibətiniz necədir? Sizcə, çıxış yolu nədir? Problem kimdədir?" sualları ilə müraciət etdik.

Şəhər sakini Vaqif Rəhimov: "Bunun səbəbini məktəbin üstünə atmaq olmaz. Əsas ailədə tərbiyə düzgün olmalıdır. Əvvəl niyə belə şeylər yox idi? Çünki yaşlı insanlar ailədə özlərini yaxşı aparırdılar, problem olanda da onu uşağın yanında büruzə vermirdilər. Ancaq indiki ailələrdə heç nəyə baxmırlar, uşağın yanında nə gəldi danışırlar. İndiki anaların çoxu uşaqlara tərbiyə vermir. İşə gedirlər, evdə olmurlar, uşaqlara dayələr baxır. Bunun səbəbini ailədə görürəm. Məktəbin o qədər də günahı yoxdur".

Şəhər sakini Gəray İbrahimov: "Problem həm ailədə, həm də məktəbdədir. Bizə verilən tərbiyə indi yoxdur. Demokratiyanın da tərbiyəsini istifadə edirlər. Narkomaniya da tərbiyədən əmələ gəlir. Nə ev tərbiyəsi, nə də məktəb tərbiyəsi var. Çıxış yolu odur ki, gərək müəllimlər sənətlərini sevsinlər, ailədə tərbiyə olsun, oxumaq olsun. Lenin deyirdi ki, "Oxumaq, oxumaq, yenə də oxumaq".

Şəhər sakini Günel Yusibova: "Məncə, həm valideynlərdə, həm də müəllimlərdə problem var. Çünki valideynlər uşaqlara daha çox diqqət yetirməlidirlər. Uşaqla daha çox maraqlanmaq lazımdır, özünü işə vermək lazım deyil. Valideynlərin çoxu işi dayələrin üzərinə atır, uşaq da özbaşına olur".

Şəhər sakini İradə Mirişli: "Hər şey ailədən irəli gəlir. Hər şeydə müəllimləri günahlandırmaq olmaz. Tərbiyə birinci evdən başlayır, sonra məktəbdən. 30 uşağı bir sinfə yığırlar, müəllimlər neyləsin? Onların hamısını idarə etmək olarmı? Ailələrdə o qədər problemlər var ki, uşaqlar da öz ailəsindən aqressivliyi götürüb sonra da məktəbdə bir-birlərinə təsir edirlər".

Şəhər sakini Sevinc Axundova: "Məncə, tərbiyə birinci evdən gəlir. Sonra da müəllimlərin üzərinə düşür. Həmrəy olaraq bu yolda uşaqlara nəzarət etmək lazımdır. Ayrılıqda heç cür mümkün deyil. Uşaqların boş vaxtları daha çoxdur, neyləsinlər bilmirlər. Oyunlar da uşaqlara təsir edir. Onlar döyüşə, vurmağa, kəsməyə meyillidirlər. Bu, adi hal olub. Onların psixologiyasına istər-istəməz təsir edir. Yetkinlik dövrü də pis dövrdür. Biz də uşaq böyütmüşük, amma nəzarətsiz qoymamışıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB