“Psixoloqa müraciət edənlərin yaş aralığı daha çox 27-40 arasıdır” - PSİXOLOQ FİKRİ

“Hazırda psixoloqa müraciət edən şəxslər içərisində yaş aralığı daha çox 27-40 arasıdır. Müraciət edənlərin əsas göstərdikləri səbəb ailə məsələləri olur. Gənclər adətən valideynləri ilə münasibətlərdən şikayətlənir, gündəlik həyat tərzləri, şəxsi həyatlarına mane olduqlarını bildirirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, evli cütlüklər isə kişi-qadın münasibətləri, ailələrin münasibətlərə müdaxiləsi, uşaqlarla yaşanılan anlaşılmazlıqlardan şikayətlənirlər: “Təəssüf ki, valideynlər çox zaman uşaqlarının problemli olduğunu bildirərək müraciət edirlər. Bu zaman isə daha gec nəticə almaq mümkün olur. Çünki valideynlə ayrı, uşaqla isə ayrı çalışmaq lazım gəlir. Məncə ən çətin məsələlərdən biri budur.

Digər tərəfdən kişilərin hələ də psixoterapiyaya qeyri-ciddi münasibəti qalmaqdadır. Amma problem həm qadın, həm də kişini maraqlandırırsa, nəticə almaq üçün kişi də eyni həssaslığı göstərməlidir. Həmçinin yaş çox olduqca terapiyaya uyum azalır. Məsələn, əlli yaşdan yuxarı insanların əksəriyyəti terapiyaya uyğun gəlmirlər. Çünki onlar bir çox hallarda deyilənləri qəbul etmir, anlamaq istəmirlər. Təbii ki, bu hər kəsə aid edilmir, amma ümumilikdə göstəricilər bu cürdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə