Diqqət əksikliyini necə tənzimləmək olar? - PSİXOLOQ İZAH ETDİ

Diqqət əksikliyini necə tənzimləmək olar? - PSİXOLOQ İZAH ETDİ

"Hər bir insanın idrak prosesləri fərdi şəkildə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, diqqət əksikliyi hələ uşaq ikən, məktəbəqədər dövrdən formalaşmalıdır: "Bu, insanın psixi prosesidir. Bu psixi proses, yəni diqqət insanın 7 psixi prosesindən biridir. Duyğu, qavrayış, təfəkkür, təxəyyül, hafizə, diqqət, nitq insanda fərdi şəkildə inkişaf edir. Diqqət zəifləyəndə bütün psixi proseslərə təsir göstərir. Diqqət əksikliyinin olması da bir insanın akademik mənada elm, biliyə yiyələnməsinə mənfi təsir göstərir. Psixoloji aspektdən də insanın xarakterində adaptasiya prosesi zəifləyir.

İnsan öz diqqətini düzgün paylaya bilməyəndə, qeyri-ixtiyarı diqqəti yayınanda sanki əsəblərinə hakim ola bilmir. Diqqəti idarə edə bilməmək, diqqətin yayınması, tərəddüdü, mərkəzləşməsi kimi problemlər olanda insan öz fərqindəliyini də anlaya bilmir. Ona görə bu, uşaqkən formalaşmalıdır. İnsan yeniyetməlik dövrünə gələndə diqqət uşağın təlim fəaliyyətində ona maneçilik törədir. Bu səbəbdən də valideynlər şikayətçi olurlar. Amma vaxtında buraxılan o boşluqları müəyyən yaşdan sonra da korreksiya etmək olar.

İnsan bunu görməlidir ki, onda diqqət əksikliyidirmi, yaddaş, qavrama pozuntusudurmu? Bunları ayırmağı bacarmaq lazımdır. Bəzi insanlar yaddaş pozuntusu ilə diqqət əksikliyini qarışdırırlar. Ona görə biz bu problemi aradan qaldırmaq üçün uşaqkən diqqəti inkişaf etdirici texnikalardan istifadə etməliyik ki, uşaq öz diqqətini, dinləməyini idarə edə bilsin. Bu gün informasiyanın bolluğu olan zamanda insanların diqqətinin mütəmadi yayınmağı labüddür. Diqqət yayınması ola bilər, çünki çox, rəngarəng informasiya var. Bu informasiyalar insanda beyin yorğunluğunu da yaradır. İnsan maraq, meylini, məqsədini müəyyən edə bilmir. Çünki fərqli işlərlə məşğul olur. Vizual olaraq baxdığı şeylər çox fərqli, rəngarəng kontekstdə olan görüntülərdir. Hətta bu onun yaddaşına da təsir edir. Onun digər aktiv fəaliyyətinə birmənalı təsir göstərir. Ona görə insanın öz psixi proseslərinin inkişafı üçün valideynlər məsuliyyət daşıyır. Hər valideynin borcu uşağına birinci olaraq diqqətli olmağı, parta arxasında oturmağı, oyuncaqları ilə sona qədər səbrlə oynamağı öyrətməkdir. Diqqət insanın fantaziyasına, nitqinə də təsir edir. Bu psixi prosesin inkişafı üçün uşaqkən uşaq oyunları ilə uşağın aparıcı fəaliyyət dönəmində düzgün texnikalarla məşğul olmaq lazımdır. Hər şey yarımçıq olduqda insanda da diqqətsizlik və etinasızlıq formalaşır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə