Vətəndaşlar Prezidentin kadr siyasətini necə qiymətləndirir? - SORĞU

Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağırışlar qoyur. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasətini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Təsadüfi deyil ki, bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan, yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq irəli çəkilir. SİA olaraq paytaxt sakinlərindən "Prezindentin yeni kadr siyasətini necə dəyərləndirirsiniz?" mövzusunda sorğu keçirdik.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Adil Balıyev: "Təbii ki, qəbulolunan normativdir. Dilemmanı da mütləq gənclər və yaşlılar deyə qoymaq olmaz. Hər kəs qabiliyyətinə görə seçilməlidir. Müəyyən qaydada gəncliyə yer vermək lazımdır. Amma sınaq müddətləri ilə, müəyyən peşə nailiyyətlərini nəzərə almaqla, əvvəlki nailiyyətlərini görməklə, xaricdə təhsil alıb təcrübə qazanması ilə bunu etmək lazımdır. Təbii ki, Avropada təhsil alan tələbələr burada müəyyən məsələlərdə yeniliklər edə bilərlər. Amma mütləq gəncdir deyə yox, qabiliyyətinə görə təyin etməyin tərəfdarıyam. Məncə, yaxşı haldır. Biz müəllimlər də çalışırıq, işimizi elə quraq ki, gənc müəllim gəlib bizim yerimizə işləsin və bizdən də irəli getsin. Bu, təbii qanunauyğunluqdur. Respublikada bu cür kadr siyasəti aparmaq hər sahədə olsa, daha yaxşıdır. Baxmayaraq ki, mən təqaüd yaşına yaxınlaşıram, amma gənclərin tərəfdarıyam".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova: "Bir Azərbaycan vətəndaşı kimi Ali Baş Komandan İlham Əliyevin siyasətini mən ikiəlli dəstəkləyirəm. Həmişə fəxr edirəm ki, belə Prezidentimiz var, belə ölkənin vətəndaşıyam. İlham Əliyevin siyasətini Ulu Öndər Heydər Əliyevin siyasətinin davamı kimi qiymətləndirərdim. Bu siyasəti uğurla da davam etdirir. İstər təhsil, istərsə də hərbi, siyasi sahədə, masada İlham Əliyevin siyasəti əvəzolunmazdır. Dəstəkləyirəm, həmişə də Onun yanındayam. Gənc kadrlarla bağlı siyasətini yenə müsbət qəbul edirəm. Çünki ölkəmizin gələcəyi gənclərdən asılıdır. Biz universitetlərdə xüsusi istedadlı, vətənpərvər gənclər yetişdiririk və onların da ölkəmizin gələcəyi naminə vəzifələrə təyin olunması olduqca qürurvericidir. Dəstəkləyirəm, uğurlar arzulayıram".

Şəhər sakini Elmdar İbrahimli: "Gənc kadrların önə çəkilməsi vacibdir. Yaşlı nəslə nisbətən gənc nəslin müasir texnologiya ilə əlaqəsi daha yüksəkdir. Məsələn, biz və bizdən sonra dünyaya gələn uşaqların arasında fərqi indi görməkdəyik. Çünki bizim dövrümüzlə bu dövr fərqlidir. Mənim 10 yaşımla indiki 10 yaşlı uşağın çox fərqi var. Yeni nəsil daha inkişaf etmiş olur, texnologiya ilə maraqlanır. İndiki dövrdə də ölkə idarəsində gənc kadrların önə çəkilməsi daha vacibdir. Ona görə ki, yaşlı nəslə nisbətən yeni nəsildə bu dövrdəki hadisələri qiymətləndirmək, texnologiyanı inkişaf etmiş ölkələrlə müqayisə etmək bacarığı daha yüksəkdir".

Şəhər sakini Nəsibə Zeynalova: "Mənim fikrimcə, gənc kadrların önə çəkilməsi dövlətin həm idarəçilik, həm də siyasi cəhətdən önə çəkilməsi deməkdir. Artıq yaşlı nəsil bir az geriyə çəkilsə, gənclərin özünü inkişafı cəhətdən yaxşı olardı. Gənclər yeni fikirlər və ideyalar irəli sürürlər".

Şəhər sakini Fəridə İbrahimli: "Məncə, dövlətimizdə gənc kadr siyasətinə çox üstünlük verilməlidir. Çünki biz gənclər dövlətin gələcəyiyik. Gənclərə daha çox önəm verilməlidir. Günü-gündən irəli gedir, inkişaf edirik. Amma daha çox yeniliklərə üstünlük verməliyik. Hər bir sahədə gənclər üçün yeniliklər olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə