YALANÇI REKLAMLAR: aldatmaq, yoxsa müştəri cəlb etmək? - ARAŞDIRMA
İnsanların məhsul alma səbəblərinin rəng, forma, qablaşdırma və s. xüsusiyyətlərdən asılı olduğu bir həqiqətdir. Bu da içimizdəki bəzi istək, ehtiyac və vərdişlərin toqquşması nəticəsində baş verir. İlk növbədə aclıq, susuzluq kimi hisslər qavrayışımıza təsir edir. Ağrı, xəstəlik, narahatlıq, qorxu kimi çəkinmə hissləri və geyim, rahatlıq, uşaq kimi daimi istəklər hərəkətimizə təsir edən digər amillərdir.
Sosial və əxlaqi baxımdan reklamın ən mühüm elementi “doğru danışmaq”dır. Yalan danışmamalı və səhv bir şey söylənməməlidir. Öz məhsullarını tərifləməkdənsə, rəqiblərini tənqid edən reklamlar isə izləyici tərəfindən müsbət qarşılanmır. Necə ki, məşhur və uğurlu reklamlar tərəfindən oxşar, kopyalanan və təqlid edilən reklamlar ziyalılar tərəfindən ələ salınır.
Ümumiyyətlə, şirkət, mağazalar və bankların reklamlarda yerləşdirdikləri şərtlərlə əməli-iş nə qədər düz gəlir? Yəni reklamlar reallığı əks etdirirmi? Məqsəd aldatmaq, yoxsa müştəri cəlb etməkdir?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Reklam çox çətin bir peşədir. Reklam peşəsində kifayət qədər mütəxəssis və səlahiyyətlilər olmadığı üçün hər kəs özünü bu peşənin bir parçası kimi görür.
Reklam xoşbəxtlik məqsədi olmasa da, yenə də xoşbəxtlik vasitəsidir. Çünki reklam bir növ insan təxəyyülüdür. İnsanlar çox vaxt reklamlar vasitəsilə öz arzularını yaradır və beləliklə, xoşbəxt ola bilərlər.
Reklam psixologiyası üzərində işləri olan Robert Guerin "Nəfəs aldığımız hava oksigen, azot və reklamdan ibarətdir" deyir. Reklam predmeti olan məhsul və xidmətlərin təşviqi istehlakçının diqqətini daha çox cəlb etmək üçün bir-birindən fərqli, yeni və üstün olmalıdır. Reklamın cəlbediciliyi bəzən realist və ya romantik olur. Bəzən maraqlı və ya fantaziyalı ola bilər. Amma o, yaradıcı gücə malik olmalıdır, xüsusən də cəmiyyətə ilk dəfə müraciət etdikdə.
Albert Camus "Yaradıcılığın başladığı yerdə məntiq dayanır" deyir. Yaradıcılıq insan beyni və zəkasının adi düşüncədən fərqli şəkildə düşünməsi və həll yolları axtarması ola bilər.
Türk reklam mütəxəssisi Süheyl Gürbaşkan “Reklam elə bir peşə deyil ki, əlinə qələm alıb nəsə yazır, qabağına kağız qoyub nəsə çəkirsən. Əvvəla, bu, yaşadığınız ölkənin xalqı qarşısında böyük məsuliyyət tələb edən bir iş, hətta vəzifədir” deyir.
İstehlakçının aldadıcı və ədalətsiz reklamdan qorunması zəruridir. Bir çox ölkələr buna müxtəlif yollarla nail olublar. Reklamın aldadıcı tərəflərindən qaçmaq lazımdır. Reklamdan əsas gözlənti xidmətin, markanın və məhsulun istehlakçının beynində yerləşməsi və müsbət təəssüratlarla yadda qalması olmalıdır.
Yalançı reklamlara inanmağa təsir edən amillər
İnsanların reklam mesajının təsirinə məruz qalıb-qalmaması həm də onların sosial-psixoloji vəziyyətlərindən asılıdır. Bağ evi, dəbdəbəli avtomobil və ya dəniz mühərriki reklamı dolanışığını çətinliklə təmin edən ailəyə hansı təsir göstərə bilər?
Ehtiyac və istək arasında müqayisə aparıldıqda görünür ki, lazım olan mallar daha asan satılır, istəkləri təmin edən mallar isə mütləq reklam dəstəyinə ehtiyac duyur. İstehlakçının ehtiyacı olmayan bir məhsula həvəs və istək verməsi, onu razı salınması üçün reklamın vacibliyinə inanmaq lazımdır.
Reklam həm də cəmiyyəti iqtisadi dünyada baş verənlərdən xəbərdar edir. Ona məlumat verir və yol göstərir. Bir anlıq reklamın olmaması barədə düşünək, istehlakçı seçimdə qərarsız olacaq. Reklam istehlakçıya həyat ehtiyacları haqqında məlumat verir, məlumat verir və təkliflərlə onu maarifləndirir. Qərarsızlığınızı həll etməyə kömək edir.
Araşdırmalar göstərir ki, evlənməyə hazırlaşan cütlüklər ən böyük tərəddüdləri alış-verişdən əvvəl yaşayırlar. Mətbəxdən tutmuş mebelə qədər müxtəlif ehtiyacları olan yeni evlənəcək olanları heyran etmək üçün tez-tez reklamlar hazırlanır.
Televiziya, qəzet, kitab, kinoteatr kimi kütləvi informasiya vasitələrində çoxlu xarici mənşəli cizgi filmi personajlarına rast gəlirik. Supermen və "Micky Mouse" kimi qəhrəmanlar dəsmallarımızdan paltarlarımıza, uşaq oyuncaqlarımıza və bəzək əşyalarımıza qədər çox müxtəlif əşyalarla həyatımıza daxil olublar.
Deputat Naqif Həmzəyev: “Çox təəssüflər olsun ki, əksər hallarda reklam edilən məhsullar deyildiyi qədər keyfiyyətli olmur. Yaxud reklamlarda müştərilərə edilən müraciətlər tam da həqiqəti əks etdirmir. Məsələn, 30-50-70 faiz endirimlər olduğu deyilir və yaxud məhsulun tam ekoloji, tərkibində heç bir geni modifikasiya olunmamış məhsullar olduğu deyilir. Ancaq bunları biz heç bir yerdə yoxlaya bilmirik, və ya üzərində çox kiçik hərflərlə yazıları çox vaxt ümumiyyətlə oxumaq olmur və yaxud da oxuduqda isə məlum olur ki, o deyildiyi qədər də keyfiyyətli məhsul deyil. Bu baxımdan da mən düşünürəm ki, reklamlara, ümumiyyətlə təqdim edilən məhsulların qiymətlə adekvat olmasına nəzarət olsa çox yaxşı olar. Buna görə də müştərilər çox vaxt digər həqiqəti əks etdirən elan və reklamlara da inanmırlar. Bu hallar onlarda inamsızlıq yaradır.
Düşünürəm ki, şirkətlər tərəfindən sağlam rəqabətə əsaslanan reklam siyasəti həyata keçirilməlidir. Xüsusilə də hal-hazırda sosial şəbəkələrdən SMM xidmətlərindən istifadə edən şirkətlər bu məsələlərdə ədalətli olsalar çox yaxşı olar. Çünki müştərilərin hissləri ilə oynamaq, müştəriləri aldatmaq, və yaxud da onları çətin vəziyyətə salmaq mən düzgün deyil. Hərçənd ki bu proseslərə birbaşa olaraq nəzarət edən, tənzimləyən qurum olmasa da istənilən halda vətəndaşlar bu məsələlərdə bacardıqları qədər ictimai qınaqda aktivlik göstərsələr çox yaxşı olar. Bu halda digər müştərilər aldanmaz, bu elan və reklamların tələsinə düşməzlər.
Bir sözlə, biz hər şeyi dövlət və hökumətdən gözləməməliyik. Vətəndaşlar olaraq da bu proseslərə öz münasibətimizi bildirməliyik. Çalışmalıyıq ki, vətəndaşlarımızın təhlükəsizliyini qoruyaq və onlara daha keyfiyyətli xidmətin təşkil edilməsini tələb edə bilək”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Tərəddüdsüz deyə bilərəm ki, Azərbaycanda reklam bazarının başlıca hədəfi istehlakçını aldatmaqdır. İstər böyük şirkətlər, istər supermarketlər, hətta kiçik biznes strukturları belə öz reklamlarında əhalini aldatmaqla məşğuldurlar. Məsələn, hansısa tikinti şirkəti inşa etdiyi binaları reklam etməklə məşğuldur. Reklamda deyilir ki, “Ayda 454 manat ödəməklə siz evə sahib ola bilərsiniz”. Bir jurnalist kimi məsələni araşdıranda məlum olur ki, ayda 454 manat ödəniş edib ev almaq üçün ilkin olaraq 40-45 min manat vəsait ödəmək lazım gəlir. Halbuki reklamda ilkin ödənişin məbləği də göstərilməlidir.
Yaxud başqa bir reklamla qarşılaşırıq. Reklamın məzmunu budur ki, “İlkin ödəniş 7300 manat olmaqla, siz Bakı şəhərində mənzil sahibi ola bilərsiniz”. Yenə o reklamın mahiyyətinə varanda məlum olur ki, ilkin ödəniş üçün 7300 manat sərf edən adam hər ay 1800-2000 manat əlavə kredit ödəməlidir.
Eyni situasiya ilə ticarət şəbəkələrində, böyük supermarketlərdə də qarşılaşırıq. Real qiyməti 50 manat olan məhsul endirim adı ilə müştəriyə 49 manata təklif olunur və bu zaman məhsulun qiyməti 75-80 manat göstərilir. Guya 80 manatlıq məhsul 49 -50 manata satılır. Halbuki elə məhsulun dəyəri 50 manatdır.
Hesab edirəm ki bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var, həm dövlət qurumları, həm də bu sektorda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları istehlakçıların hüquqlarının qorunmasının qeydinə qalmalı, yalan reklamlarla insanları aldadan biznes qurumları barədə ciddi tədbirlər görməlidir.
Biznes qurumlarının yalançı reklamlara əl atması onların reputasiyası üçün ciddi zərbədir. Məncə özünə hörmət edən heç bir şirkət, heç bir ticarət şəbəkəsi bu cür ucuz üsullara əl atmamalıdır. Çünki alıcını bir dəfə ən yaxşı halda iki dəfə aldatmaq olar. Bu cür ucuz üsullar məlum biznes şəbəkələri barədə cəmiyyətdə əhali arasında onların qeyri-ciddi imicini formalaşdırır. Bu isə ticarətin qanunlarına tamamilə ziddir.
Müasir dünyada böyük şirkətlər vətəndaşın etimadını itirməkdənsə pul itirməyə üstünlük verirlər. Təəssüf ki, Azərbaycanda isə vətəndaşı itirmək hələ ki hədəf olaraq qarşıda dayanıb”.

SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov: “Bu tip reklamlarda aldatmaqdan çox mənə elə gəlir ki, əsas məqsəd müştəri cəlb etməkdir. İstər satışla məşğul olan mağazalar, istər avtosalonlar, inşaat mağazaları, hər hansısa bir bank olsun hər zaman müştəriyə ən sərf edəcək rəqəmi yazırlar. Məsələn, bir avtosalon kredit ayıracaqsa, ən minimal ilk ödənişi və ən minimal aylığı yazır. Bunu müştəri cəlb etmək üçün yazır, amma onu hər müştəriyə verə bilmir. Müştəri gələndə o müştərinin kredit keçmişinə, rəsmi gəlirinə, aylıq gəlirinə baxılır.
Məsələn, elektronika mağazası bir telefonun satışını yazır ki, “18 aylıq və ya 24 aylıq “iPhone” 15 pro aylıq 70 manat”. Hamıya bu maraqlı gəlir ki, aylıq ödənişi azdır və 70 manat aylıqla mən də müraciət edim alım. Amma müraciət edəndə görürlər ki, bunu taksit kartı ilə verirlər. Yəni bu müştərini aldatmaq yox, cəlb etməkdir”.
Vəkil Turan Abdullazadə: “Günümüzün reallığıdır ki, sosial şəbəkələrdə və digər internet saytlarında yerləşdirilən reklamların bir çoxu həqiqəti əks etdirmir. Məsələn, 89 manatlıq kompaniya, endirim olacağını yazırlar. Gedirsən, deyirlər ki, minimum 200 manat ödəniş etməlisən.
Belə hallarla qarşılaşan vətəndaşlar, yəni reallığı əks etdirməyən və aldatmaq yolu ilə klinet cəlb etməyə çalışan, haqsız rəqabət aparan mağaza, şirkət və digər hüquqi şəxslərdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yazılı və onlayn müraciət edə bilər.
İnzibati Xətalar Məcəlləsinin 428.1-ci maddəsinə əsasən, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə- fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Haqsız, qeyri-dəqiq və gizli reklamın mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılması üçün reklam fəaliyyətinin subyektlərinə (reklamvericiyə, reklam istehsalçısına və reklam yayıcısına) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən müddətdə həmin reklamın təkzib edilməməsinə və ya təkzibin yayımlama şərtlərinə əməl edilməməsinə görə -fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir”.
Şəhər sakini Havar Şəfiyeva: “Reklamların 30 faizi düz gəlirsə, 70 faizi də şişirdilir. Məsələn, o gün marketdə bəzi məhsullarda həddindən artıq endirim qoyulmuşdu. Lakin kassaya yaxınlaşanda endirimli qiymətdə yox, öncə olduğu qiymətdə vuruldu. Hətta onlara irad da bildirdim və kassadakı işçi mənə dedi ki, “Bizim işimiz müştəri cəlb etməkdir”.
Tövsiyə
Unutmayaq ki, reklamın məqsədi ictimaiyyəti maarifləndirmək, onlara axtardıqlarını tapmağa, asanlıqla almağa, qiymətini öyrənməyə kömək etmək olmalıdır. Reklam bütün cəmiyyətə ünvanlanır və buna xüsusi diqqət etmək lazımdır. Etdiyiniz bir səhv geniş şəkildə yayımlanacaq və hamı tərəfindən eşidilib görüləcək.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB