2 aprel Milli Məclisin deputatı, əməkdar mühəndis, texnika elmləri doktoru Vahid Əhmədovun doğum günüdür. Millət vəkilinin 77 yaşı tamam olur. Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir. 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.
1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır. 1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
Ailədə 9 uşaq olublar. 33 yaşında ailə həyatı qurmuşdur. İki övladı — 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 deputatdan biri olmuşdur. Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.
Azərbaycan Respublikası Baş nazirinin müavini, sonra birinci müavini təyin edilmişdir. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü il tarixində Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir.
1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005, 2010, 2015 və 2020-ci illərdə 4 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.
Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur.
Biz də Vahid müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı işlərində yeni-yeni uğurlar arzulayırıq!
Məmmədhəsən MƏMMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB