Bəzi gənc qızlar niyə ana olmaqda tərəddüd edir? - EKSPERT FİKRİ

“Son illər ana olmaq istəyən qızların sayı xeyli azalıb. Mən vaxtilə qonaq olduğum sosial verlişlərdə bu barədə müzakirələrdə iştirak etmişəm. Həmin verlişə qatılan gənc qızlardan bunun səbəbini soruşmuşam. Əksər hallarda cavab eyni olub. Onlar sosial problemlərə görə ana olmaq istəmədiklərini deyiblər”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Hətta 5-6 il ailəli olan gənc xanımlarla həmsöhbət olmuşam. Onlar deyib ki, “Özümüz bir otaqlı mənzildə güclə yaşayırıq. Orada uşaq böyütmək olduqca çətindir. Mənzil şəraitimiz yaxşı olmadığı üçün ana olmaq istəmirəm”.

Digər xanımlar isə mənimlə söhbət zamanı məvaciblərinin az olduğunu əsas gətirərək ana olmaqdan imtina etdiklərini bildiriblər. Tanıdığım və yaxından bələd olduğum xanımların da səbəbləri oxşardır. Məncə, bu barədə ciddi düşünmək, gənc ailələrin sosial vəziyyətinin qeydinə qalmaq lazımdır.

30-40 il əvvəl ailə quran gənclər hətta işsiz olduqda belə deyirdilər ki, “Uşağın ruzisini Allah yetirir”. İndi bu düşüncə o qədər populyar deyil. İnsanlar reallıqla yaşayır və ayaqlaşmaq istəyirlər. Bu baxımdan gənclərin valideyn olmaq istəməməsinin əsas səbəbi sosial problemlərdir.

Buna rəğmən orta yaşlı bir ziyalı və ailə başçısı kimi gənc xanımlarımıza müraciət edirəm ki, ana olmağa can atsınlar. Hər bir insan öz davamçısını yaratmalı, nəsillər bir-birini əvəz etməlidir. Ölkəmizi gələcək nəsillərə etibar etməliyik və o gələcək nəsilləri bu gün yaratmalıyıq. Bu baxımdan gənc ailələrin övlad sahibi olması çox vacibdir. Dövlət də bu prosesi dəstəkləməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə